Dövlət Şurası QHT-lərlə məsləhətləşmələri başa çatdırdı
12 iyun 2009 17:30 (UTC +04:00)

Dövlət Şurası QHT-lərlə məsləhətləşmələri başa çatdırdı

İyunun 12-də B Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərlə növbəti görüşü keçirib. Lent.az-ın məlumatına görə, 2009-cu il maliyyə yardımı müsabiqəsinin qalibi olmuş daha 3 prioritet fəaliyyət istiqaməti üzrə layihə həyata keçirən təşkilat rəhbərləri bir araya gəlib. Görüşdə aşağıdakı istiqamətlər təmsil edilib:

1. Mədəniyyətin inkişafına dəstək.
2. Səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması.
3. Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə.

Görüşdə Şura Katibliyinin İcraçı direktoru Fərasət Qurbanovun maraqlı açıqlamaları oldu. Qurbanov deyir ki, bəzi təşkilatların hesabatlarında ekspertləri “dənə” ilə göstərənlər belə olur: “Guya nəticə yazıb gətirirlər. Layihədə qoyulan problemin sonuna keçmiş zaman şəkilçisi artırırlar və bununla da işlərini bitmiş hesab edirlər. Bizə dekabrda keçirilən tədbirlərin şəkillərini gətirilər, hamı qolsuz köynəkdə oturub, iyulda isə başı papaqlı adamlarla rastlaşırıq. Xahiş edirəm, kimlərisə aldatmağa çalışmayın, iş görün.”

Bundan başqa, F.Qurbanov dedi ki, Şuranın maliyyə dəstəyi ilə yerinə yetirilən layihələrin icrasının effektivliyini artırmaq, eləcə də verilən hesabatlarda yanlışlıqlara yol verməmək üçün belə toplantılara ehtiyac var. F.Qurbanov layihələrin icrası və hesabatlarla bağlı QHT-lərin yol verdiyi ənənəvi qüsurlar haqqında geniş danışdı və layihə rəhbərlərini məsuliyyətli və dəqiq olmağa səslədi.

Şura üzvü Gülnarə Hüseynova da çıxış etdi. Xanım Hüseynova layihələr üzrə keçirilən tədbirlərə Şura üzvlərinin daha çox dəvət edilməsini və imkan daxilində onların yardımından bəhrələnməyi vacib saydığını bildirdi.

Görüşdə çıxış edən Şura üzvü Dilarə Vəliyeva da həmkarlarını ictimai sektorun inkişafında fəal və yaradıcı olmağa səslədi. O qeyd etdi ki, ictimai sektorun müasir inkişafı QHT-lərin dövlət və hökumət strukturları ilə əməkdaşlığını zəruri faktor kimi gündəmə gətirir.

Çıxış edən Şura Katibliyini baş mühasibi Tofiq Həsənov, Şuranın mətbuat xidmətinin rəhbəri Səfər Alışarlı, eləcə də təşkilat rəhbərləri Aydınxan Əbilov, Təhmasib Novruzov və başqaları müzakirə olunan məsələlər haqqında öz fikirlərini bildirdilər.

Qeyd edək ki, bununla da yerinə yetirilən layihələr üzrə Şuranın QHT və layihə rəhbərləri ilə məsləhətləşmələri yekunlaşdı. Amma gələcəkdə yenə də görüşlər nəzərdə tutulub.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar