Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən bu il 16 aprel, 1 və 7 may tarixlərində 94 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 1011 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqənin müsahibə mərhələsi başlayıb.
Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqə üzrə 6114 nəfər namizəd kimi qeydiyyatdan keçib. Müsabiqənin test imtahanı mərhələsi iyunun 6-dan başlayıb. İyunun 27-nə kimi 2628 namizəd üçün test imtahanı keçirilib. Bunlardan 546 nəfər test imtahanında iştirak etməyib. Testdə iştirak edən 2082-i namizəddən 697 nəfəri (36,84%-i) qanunvericiliyə uyğun olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin 84 %-ni gənc namizədlər təşkil edib. Bu namizədlərdən 468 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb, 229 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplaya bilməyib, lakin 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.