Dövlət Komitəsi “Kids Studio” bağçasındakı hadisə barədə məlumat yaydı
12 iyun 2018 18:45 (UTC +04:00)

Dövlət Komitəsi “Kids Studio” bağçasındakı hadisə barədə məlumat yaydı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kütləvi informasiya vasitələrində “Kids Studio” bağçasının əməkdaşları tərəfindən həmin bağçada tərbiyə olunan azyaşlı uşaqlara qarşı zorakılıq, kobud rəftar əks olunan video görüntülərlə bağlı məlumat yayıb.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Dövlət Komitəsi tərəfindən hadisənin araşdırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciətlər ünvanlanıb.

 

Verilən məlumata əsasən, hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırılma aparılır və nəticələrdən asılı olaraq aidiyyəti orqanlar tərəfindən lazımi tədbirlər görüləcək.

 

 

Bildirilib ki, Komitə uşaqların hüquqlarının müdafiəsi və onlarla düzgün rəftar edilməsini təşviq edir və bu siyasətin reallaşması istiqamətində tədbirlər həyata keçirir: “BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası əsas olmaqla Azərbaycanın qoşulduğu bütün digər beynəlxalq sənədlərdə, Uşaq hüquqlarına dair Azərbaycan qanunvericiliyində uşaqların mənafelərinin üstün tutulması prinsipi təsbit edilib. Uşağa qarşı istənilən etinasızlıq, laqeyd münasibət, zorakılıq və qəddar davranış yolverilməzdir və bu cür hallar qanunvericiliyə əsasən məsuliyyətə səbəb olur. “Məktəbəqədər təhsil haqqında” qanuna əsasən uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, eyni zamanda uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq təhsil verənlərin əsas vəzifəsidir. Bu baxımdan həmin şəxslərdən peşəkarlıq və xüsusi hazırlıq tələb olunur. Komitə baş vermiş hadisə ilə bağlı mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasını və psixo-emosional vəziyyətlərinin araşdırılması istiqamətində işin gücləndirilməsini məqsədəuyğun hesab edir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 430
avatar

APA Baycan

Oxşar yazılar