DİQQƏT: Göydən gələn təhlükə - XƏBƏRDARLIQ
16 iyul 2013 15:12 (UTC +04:00)

DİQQƏT: Göydən gələn təhlükə - XƏBƏRDARLIQ

 

 

Sabah Azərbaycanın bəzi ərazilərində 42 dərəcə isti gözlənilir. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edərək açıq gün altında qalmamağı tövsiyə edib. ETSN-nın müraciəti həm də bu temperatur şəraitində ölkədə işin dayandırılması məsələsini gündəmə gətirib.

 

Əmək Məcəlləsi nə deyir?

 

Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onların işinə bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.

 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Lent.az-a açıqlamasında deyib ki, hava şəraitini süni surətdə tənzimləmək mümkün olmayan yerlərdə havanın temperaturu 41, hətta 40 dərəcəni keçdikdə iş dayandırılmalıdır: “Əmək Məcəlləsində bununla bağlı bənd olsa da, işin dayandırılmasının konkret mexanizmi yoxdur. ETSN belə bir məlumat yayan kimi, dərhal bütün işəgötürənlər məlumatlandırılmalıdır. İşçilərə sərinləşdirici içkilər verilməli, dincəlmələri üçün üstüörtülü skamyalar hazırlanmalıdır. Bütün işəgötürənlər işçilərinin sağlamlığına görə məsulliyət daşıyırlar. Bu prosesə nəzarəti isə Dövlət Əmək Müfəttişliyi həyata keçirməlidir”.

 

NK: “Söz sahibi hər müəssisənin özüdür”

 

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Lent.az-a açıqlamasında deyib ki, ölkədə işin dayandırılması halları Əmək Məcəlləsi ilə tənzimlənir: “Məcəllədə hansı şəraitdə işin dayandırılması əks olunub. Bu prosesdə əsas söz sahibi hər bir müəssisənin özüdür. Müəssisələr iş yerlərini kondinsionerlərlə təmin etməli, açıq havada işləyənlər üçün kölgəlik yaratmaqla fasilələrlə dincəlmələrinə şərait yaratmalıdırlar. Bununla yanaşı, Həmkarlar İttifaqları Konfederasiyası da kritik temperatur qeydə alındığı halda, işin dayandırılması barədə qərar verə bilər”.

 

...cərimələnəcək

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov deyib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, havanın temperaturu 41-dən yuxarı olduqda açıq şəraitdə iş yerlərdə iş ya dayandırılır, ya da fasilə verilir: “Əgər işlər dayandırılırsa, bu, işçilərin günahı olmadan işin dayandırılması kimi qiymətləndirilir və əmək haqqının 2/3-si həcmində işçilərə əmək haqqı ödənilməlidir. Günün müəyyən vaxtlarında temperaturla bağlı işə fasilə verilirsə, bu halda fasilələr iş vaxtına daxil edilir və əmək haqqı 100 faiz ödənilməlidir”.

 

İlham Məmmədov açıq şəraitdə işləyənlərə tikintilərdə yuxarı mərtəbələrdə çalışanlar, yolda asfalt çəkilişində işləyənlər və digər bu kimi işdə çalışanların aid edildiyini bildirib. Temperaturun normadan yuxarı olduğu halda açıq şəraitdə iş yerlərində işin dayandırılması, yaxud işə fasilə verilməsi proseduruna gəlincə, İlham Məmmədov qeyd edib ki, havanın temperaturu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də gözlənilən hava proqnozunu açıqlamaqla işəgötürənləri məlumatlandırır: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də temperaturun normadan yuxarı olduğu hallarda qurumlarına müvafiq tapşırıqlar verir, reydlər aparır. Nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları yenə də reydlər aparacaqlar. Əgər temperaturun normadan artıq olduğu halda açıq şəraitdə iş yerlərində işçilərin işləməsi faktı aşkarlanarsa, həmin işəgötürənlər İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə əsasən cərimələnəcəklər. Bu halda 1000 manatdan 2000 manata qədər cərimə nəzərdə tutulub”.

 

AHİK də monitorinqlərə başlayır

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov Lent.az-a açıqlamasında deyib ki, AHİK sədri Səttar Mehbalıyev də dəfələrlə havanın temperaturu 41 dərəcədən çox olan şəraitdə və sərinləşdirici qurğular olmayan binalarla, otaqlarda işin dayandırılmalı olduğunu bildirib: “İşçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli, işçilər örtülü yerlərdə sərinləşdirici içkilərlə təmin olunmalıdır”.

 

Nazim Ağamirov qeyd edib ki, İstər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında, istərsə sahə həmkarları ittifaqlarında əmək müfəttişləri və həmkarlar ittifaqları olan müəssisələrdə ictimai müvəkkillər fəaliyyət göstərirlər: “Əmək müfəttişləri və ictimai müvəkkillər nəinki belə şəraitdə, il boyu istehsalat sahələrində, tikintilərdə iş şəraiti, əməyin mühafizəsi ilə bağlı monitorinqlər aparır, müəssisə rəhbərinə çatışmazlıqlarla bağlı tövsiyə verir, bu tövsiyələrin yerinə yetirməsinə nəzarət edirlər. Əlbəttə, əmək müvəkkillərinin respublikadakı bütün müəssisələri, tikintiləri əhatə etməsi mümkün deyil. Ancaq bu monitorinqlər vaxtaşırı aparılır. Sabah da əmək müvəkkilləri monitorinq aparacaqlar. Temperaturun normadan çox olması da bunu xüsusilə vacib edir”.

 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5193
avatar

Oxşar yazılar