DİN-ə 880 minə yaxın müraciət daxil olub
29 noyabr 2013 20:15 (UTC +04:00)

DİN-ə 880 minə yaxın müraciət daxil olub

DİN - ə 880 minə yaxın müraciət daxil olub

Noyabrın 29-da Daxili İşlər Nazirliyində (DİN) “Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyəti”nə və «Daxili işlər orqanlarında xidmətə namizədlərin seçilməsi, yerləşdirilməsi, gənc əməkdaşların irəli çəkilməsi və peşə hazırlığının təşkili”nə həsr olunmuş geniş kollegiya iclası keçirilib.


 

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov kollegiya iclasını açaraq gündəlikdəki məsələlər barədə məlumat verib, insan hüquq və azadlıqlarının qorunmasının, vətəndaşların müraciətlərinə baxılmasının və qəbulunun xidməti fəaliyyətin qiymətləndirilməsində başlıca meyarlardan biri olduğunu bildirib.

 

Kadrların seçilib yerləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin yüksəldilməsi məsələlərinin də diqqət mərkəzində saxlanıldığı, dəfələrlə Kollegiya iclaslarının müzakirəsinə çıxarıldığı, bu işin səmərəsinin artırılması üçün yerlərə lazımi göstərişlər verildiyi, əməli köməkliklər göstərildiyi nəzərə çatdırılıb.

 

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə DİN Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinov çıxış edib. O deyib ki, 2012-ci ildə Nazirliyə daxil olmuş şikayətlərin sayı əvvəlki illə müqayisədə 2,5 dəfə, o cümlədən polis əməkdaşları barədə olanlar 26 faiz, habelə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına edilən analoji şikayətlər 19 faiz, İnsan Hüquqları üzrə Müvəkkilə ünvanlanmış müraciətlər 2 dəfə azalıb.

 

İşin təkmilləşdirilməsi sahəsində görülmüş tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə təhqiqat qurumları üzrə şikayətlərin sayında 2 dəfəyə yaxın azalma qeydə alınıb. Son iki il yarım ərzində daxili işlər orqanlarına 880 minə yaxın müraciət daxil olub ki, onların da 69,5 faizini ərizələr, 30,3 faizini şikayətlər təşkil edib.

 

İnsan hüquqlarının qorunmasında mühüm vasitələrdən olan vətəndaşların qəbulu da diqqət mərkəzində saxlanılıb. Son 2 il 9 ayda təkcə daxili işlər naziri tərəfindən Nazirlikdə və respublikanın bütün rayonları əhatə olunmaqla 820 vətəndaş qəbul edilib. Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb, şikayətlərə səbəb olan amillərin aradan qaldırılması üçün operativ tədbirlər görülüb, aidiyyəti struktur qurumlara müvafiq tapşırıqlar verilib. İcraya yönəldilən bütün müraciətlər nəzarətə götürülüb, nəticələri məruzə olunub. Bütövlükdə qeyd olunan müddətdə daxili işlər orqanları üzrə 121.765, o cümlədən Nazirliyin Aparatında 10.304, ərazi polis orqanlarında 111.461 vətəndaş qəbul edilib.

 

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev gündəlikdəki ikinci məsələ ilə bağlı məruzə ilə çıxış edib. O deyib ki, 2011-ci ildən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarının, DİN-in Müsabiqə Komissiyasının müsahibələrinin nəticələri üzrə 213 ali hüquq və pedaqoji təhsilli şəxs, həmçinin, 75 vətəndaş mütəxəssis qismində tam aşkarlıq və şəffaflıq şəraitində xidmətə qəbul olunaraq orta rəis heyəti vəzifələrinə təyin edilib. Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən 16 əməkdaş test imtahanları verməklə, 66 əməkdaş mütəxəssis kimi orta rəis heyəti vəzifələrinə irəli çəkilib. DİN-in Polis Akademiyasının məzunları, eləcə də sonuncu kurslarda təhsil alan sıravi və kiçik rəis heyətindən olan əməkdaşların sırasından 487 nəfər orta rəis heyəti vəzifələrinə təyin edilib.

 

2011-2013-cü illərdə DİN-in Polis Akademiyasına 3472 namizəddən qabiliyyət imtahanlarını müvəffəqiyyətlə verib və Nazirliyin Seçim Komissiyasının müsbət rəyini almış 1544 (44,5 faiz) orta məktəb məzunu qəbul imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilib. Test imtahanlarında daha yüksək bal toplamış 385 gənc Polis Akademiyasına qəbul olub.

 

Görülən bu və digər tədbirlər nəticəsində şəxsi heyətin sıralarında gənc kadrların xüsusi çəkisi artaraq 58 faiz, o cümlədən zabitlər içində 35,4 faiz, sıravi və kiçik rəis heyəti üzrə 68 faiz təşkil edib. Sıravi və kiçik rəis heyəti sıralarında ali təhsillilər 18,4 faiz, orta və böyük rəis heyəti üzrə 92 faizdir. Son 3 ildə 1907 əməkdaş xarici dövlətlərdə və beynəlxalq təşkilatların respublikada keçirdikləri təlimlərdə iştirak edib.

 

Təlimlərin təşkili zamanı xidməti fəaliyyətdən ayrılmanı istisna edən virtual tədrisə xüsusi diqqət yetirilib, bu məqsədlə Nazirlikdə, Polis Akademiyasında və respublikanın 28 şəhər, rayon polis orqanında video-konfrans texnologiyasına əsaslanan interaktiv tədris sinifləri yaradılmaqla 10 mindən çox əməkdaş virtual təlimlərə cəlb olunub. 2012-ci ilin noyabr ayından etibarən ayrı-ayrı xidmətlərin təxminən 700 əməkdaşı «Xəzri» İstirahət və Sağlamlıq Mərkəzində təşkil olunmuş kurslarda ixtisaslarını artırıb.

 

Gündəlikdəki məsələlər ətrafında çıxış edənlər görülən işlərdən, buraxılmış nöqsanlardan danışıb, ilin sonunadək onların aradan qaldırılması üçün kəsərli tədbirlərin həyata keçiriləcəyini bildiriblər. 

 

İclasa yekun vuran R. Usubov müzakirə olunan hər iki məsələ üzrə bütövlükdə fəaliyyətin qənaətbəxş olduğunu, eyni zamanda, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da bildirərək qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb etmiş, konkret tapşırıq və tövsiyələrini verib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1034
avatar

Oxşar yazılar