Dövlət Gömrük Komitəsinin (DGK) Ümümdünya Gömrük Təşkilatındakı (ÜGT) nümayəndəsi Daşqın Əliyev növbəti maliyyə ili müddətində təşkilatın Baş katibi tərəfindən Avropa Regional İnkişaf Meneceri, eyni zamanda Eurocustoms və Alman Gömrük Əməkdaşlıq fondları üzrə icraçı menecer təyin olunub.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, idarəçiliyin asanlaşdırılması və əməkdaşlığın daha səmərəli təşkili baxımından ÜGT öz işini 182 üzv ölkələrin bölündüyü 6 region üzrə təşkil edir ki, bunlardan ən böyüyü Avropa Regionu olmaqla 52 dövləti özündə birləşdirir. Qeyd olunan regionlarda həmçinin ÜGT-nin müxtəlif regional struktur təsisatları da fəaliyyət göstərir.
ÜGT-nin Baş Katibliyində qeyd olunan hər bir region üzrə bir Regional İnkişaf Meneceri təyin olunur. Regional İnkişaf Menecerinin əsas vəzifəsi region ölkələri ilə sıx əməkdaşlıq edərək gömrük işi sahəsində potensialın gücləndirilməsinə dəstək təşəbbüslərinin koordinasiya və idarə edilməsi, o cümlədən ÜGT-nin müvafiq regional təsisatlarının səmərəli fəaliyyəti üçün əlaqələndirmə fəaliyyətinin həyata keçirilməsidir.