"Sumqayıtda 18 saylı orta məktəbin qarşısında ağacların qanunsuz kəsilməsi barədə xəbər doğru deyil". Bunu Lent.az-a həmin məktəbin direktoru, millət vəkili Leyla Abdullayevanın köməkçisi Pərvin Rəhimov deyib. Onun sözlərinə görə, həmin ağacların kəsilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəsmi icazə alınıb: “Bir aydan çoxdur ki, bu proses gedir. Biz nazirliyin Sumqayıt şəhəri üzrə şöbəsinə məktub yazdıq. Ağaclar çox yaşlı idi. Həm də ağacların kökləri məktəbin kanalizasiya sisteminə qədər uzanıb təmirin gedişinə mane olurdu. Nazirliyin əməkdaşları məktəbə gəlib ağaclara baxış keçirdi. Aktlaşdırılandan sonra ağacların kəsilməsi qərarı verildi”.
11.23.
Sumqayıt sakinləri səhəri kəsilmiş ağac mənzərəsi ilə açıb. Belə ki, şəhərin 18 saylı orta məktəbin qarşısında yerləşən çoxillik yaşıl ağaclar kəsilib. Lent.az-ın məlumatına görə, bu barədə azvision.az-a məktəbə yaxın ərazidə yaşayan sakinlərdən xəbər daxil olub.
Kəsik izlərindən ağacın güclü külək nəticəsində deyil, xüsusi avadanlıqlarla kəsildiyi görünür. Hazırda 18 saylı orta məktəbdə əsaslı təmir işləri gedir. Lakin sakinlərin bildirdiyinə görə, bu ağac təmir işlərinə mane olmayıb.
Sumqayıt şəhərində yerləşən 18 saylı orta məktəbə Milli Məclisin deputatı Leyla Abdullayeva rəhbərlik edir.
Qeyd edək ki, bir neçə gün öncə Nəsimi rayonu ərazisində ağac kəsilmişdi. Bu hadisəyə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın reaksiya verdikdən sonra, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin şəxslər cəzalandırıldı.