Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi daha bir qənd istehsalı müəssisəsində nöqsanlar aşkar edib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr.da yerləşən fiziki şəxs Nəzərov Əbülfəzə məxsus müəssisədə “Fəta 121” nişanlı rafinə edilmiş qənd istehsalına dövlət nəzarəti aparılıb.
Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə uyğunluq sertifikatı olmadan sanitariya norma və qaydalara məhəl qoyulmadan 2 adda məhsul - karamel tipli şərq şirniyyatı (noğul) və nanəli karamel istehsal edilir. Eyni zamanda istehsal olunan “Avko” nişanlı karamel tipli şərq şirniyyatı - noğul məhsullarının üzərində istehsalçı kimi başqa bir müəssisənin (Xaçmaz şəhəri, fiziki şəxs Əliyev E.Ş) qeyd edildiyi müəyyən edilib. Nəzarət tədbirləri nəticəsində məhsulların müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimatının və resepturaların, habelə müəssisənin laboratoriyasının və ya akkreditasiya olunmuş laboratoriya ilə müqavilənin olmadığı aşkar olunub.
Müəyyən olunmuş bu və digər nöqsanlarla bağlı olaraq, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati protokol tərtib edilmiş, sertifikatsız məhsulların istehsalı və satışı qadağan edilib.