Avqustun 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu ilin əvvəlinədək xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə dayanmış Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən daha 104 nəfərinə "Naz-Lifan" markalı minik avtomobili təqdim edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, onlardan 41 nəfəri Böyük Vətən müharibəsi, 48 nəfəri hərbi xidmət, 15 nəfəri Çernobıl AES əlilidir.
Müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə prezidentinin təqaüdünün orta aylıq məbləği son bir ildə 70 faizə yaxın artırılıb. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların, şəhid ailələrinin ölkəmizin ali təhsil və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil haqlarının dövlət hesabına ödənilməsinə başlanılıb.
Tədbirdə çıxış edənlər bu təbəqələrdən olan şəxslərin yeni mənzillərlə, reabilitasiya vasitələri və s. ilə təminatı sahəsində görülən işlərdən də bəhs edərək, əlilliyi olan insanlara daim böyük diqqət və qayğı göstərdiyinə görə möhtərəm dövlət başçımıza minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, 727 nəfər Böyük Vətən müharibəsi, Çernobıl AES və hərbi xidmət əlilinin minik avtomobili ilə təmin olunub. Bu ilin əvvəlinədək xüsusi tibbi arayış əsasında növbəyə dayanmış əlilliyi olan şəxslərdən 1404 nəfəri minik avtomobili ilə təmin edilib. Əlilliyi olan şəxslərin minik avtomobili ilə təminatı ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az/) “Fəaliyyət və xidmətlər” bölümündəki “Avtomobillərlə təminat” alt-bölümündə təqdim olunan növbəlilik siyahısı əsasında, tam şəffaflıq şəraitində həyata keçirilir.