Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, mayın 1-də hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 24-29, bəzi yerlərdə 32 dərəcəyədək isti, dağlarda gecə 7-12, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti olacağı gözlənilir.
Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərh də yayıb. Respublika ərazisində yaxın bir neçə günə proqnozlaşdırılan əlverişli hava şəraiti kənd təsərrüfatı bitkilərinin vegetasiyasını sürətləndirəcək. Torpağın şum qatında temperaturun 18-21 dərəcəyədək yüksəlməsi səpilmiş çiyidin, qarğıdalının cücərməsinə müsbət təsir edəcək. Belə hava şəraiti əksər aran rayonlarında payızlıq dənli bitkilərin sünbülləməsi, meyvə ağaclarında meyvələrin böyüməsi, bostan və tərəvəz bitkilərinin əkilməsi, çoxillik otların inkişafı üçün əlverişli olacaq.