Məlum olduğu kimi, Azərbaycan özü də gənc ölkədir və müstəqilliyini qazandığı gündən erməni təcavüzü ilə üzləşmişdir. Azərbaycanın müstəqillik qazanmasında da, bu müstəqilliyin qan və can bahasına qorunmasında gənclərin böyük xidməti olmuşdur. Azərbaycan dövlət müstəqilliyi uğrunda mübarizə aparanların və bu müstəqilliyi bərpa edənlərin böyük əksəriyyəti gənclər olmuşdur.
Ölkə Prezidenti də daim gənclərlə görüşündə onların Vətən qarşısında xidmətlərini qabartmış, gənclərin hər birisinin rolunu Vətən əsgəri, Vətən müdafiəçisi səviyyəsinə qaldırmışdır. Bu baxımdan müasir Azərbaycan gəncinin vətənpərvərlik ruhunda tərbiyə olunması vətənə, millətə bağlılığı məsələsi daim diqqət mərkəzindədir. Hər bir Azərbaycan gənci vətəni hərbi müdafiəyə hazır olmalı, həmçinin siyasi, iqtisadi uğurlarını, Azərbaycan reallıqlarını tanıtmalı, təbliğ etməlidir.
Azərbaycan ordusunda xidmət edənlərin böyük əksəriyyəti gənclərdir. Onlar düşmənlə üzbəüz dayanaraq Vətəni müdafiə edir, Azərbaycanın müstəqilliyini qoruyur və möhkəmləndirirlər. Lazım gələn anda məhz onlar doğma torpaqların azad olunması üçün ilk addımı atacaqlar. Amma Azərbaycan dövləti əlindən gələni edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yoluyla öz həllini tapsın. Bu barədə İlham Əliyev belə demişdir : “Mən istəyirəm ki, məsələ sülh yolu ilə həll edilsin, istəmirəm ki, müharibə olsun. Çünki müharibə olarsa gənclərimiz qurban gedəcək, Şəhidlərimiz olacaq, qan töküləcək, göz yaşları axıdılacaqdır. Ancaq eyni zamanda, biz hər bir başqa vəziyyətə də hazır olmalıyıq. Məhz bu məqsədlə Azərbaycanda gedən güclü ordu quruculuğu prosesi bu gün artıq bizə imkan vermişdir ki, bölgədə qüvvələr nisbətini öz xeyrimizə dəyişmişik. Güclü orduya malik olmaq o demekdir ki, istənilən anda biz öz doğma torpaqlarımızı azad edə bilərik !”
Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün Azərbaycan dövləti tərəfindən mümkün olan bütün siyasi və diplomatik addımlar atılır. Bu İstiqamətdə uğurlar da kifayət qədərdir. Ancaq qarşı tərəfin qeyri-konstruktiv mövqeyinə görə hələ də bu məsələ öz həllini tapmır. Baxmayaraq ki, artıq bütün dünya ictimaiyyəti, Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, bu məsələ ilə birbaşa məşğul olan qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin məhz ərazi bütövlüyü əsasında həll olunmasını dəstəkləyir. Şübhəsiz ki, bu da bizim böyük diplomatik uğurumuzdur. Lakin mövcud ikili standartlar nəzəriyyənin praktikada reallaşmasına mane olur.
Müasir Azərbaycan gəncliyi inkişafının yeni mərhələsinə qədəm qoyub. Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Artıq Azərbaycan gənci hərtərəfli intellektual biliyə malik, dünyagörüşlü, təcrübəli bir kadr kimi formalaşır. Dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Bugün Azərbaycan gəncinin qarşısında duran əsas məsələ informasion və hərbi baxımdan düşmənə qarşı cavab verməyə hazır dayanmaları, mövcud həqiqətləri obyektiv şəkildə dünya birliyinə çatdırmalarıdır.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı