Cəmiyyətin güzgüsü dövlət dəstəyində
22 iyul 2016 11:02 (UTC +04:00)

Cəmiyyətin güzgüsü dövlət dəstəyində

Milli mətbuat orqanları ölkədə milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etməklə, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biridir. Azərbaycanda ilk mətbu orqanının əsası dövrün qabaqcıl ziyalısı Həsən bəy Zərdabi tərəfindən 1875-ci ilin 22 iyulunda “Əkinçi” qəzetinin nəşri ilə qoyulmuşdur. “Əkinçi”nin 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu oldu. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi”  az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olması və hadisələrə sərbəst reaksiyasından çəkindiyi üçün qəzetin nəşri dayandırıldı. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə isə  “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “Təzə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” və digər qəzetlər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynayırdı.

Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş verdi. Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradıldı və "Mətbuat haqqında" Qanun qəbul edildi. Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq hüququ, öz baxışlarının sərbəst ifadə edilməsi və digər hüquq və azadlıqlar möhkəmləndirildi.  Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə senzuranın ləğvi azad mətbuatın inkişafına, söz azadlığının tam şəkildə reallaşmasına təkan verdi. Aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaratdı.

2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə Mətbuat Şurası  yaradıldı. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir.

Prezident İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyini artırmaqdır. Azərbaycan mətbuatının 138 illiyi münasibətilə 155 jurnalistin Prezident İlham Əliyev tərəfindən yeni mənzillərlə mükafatlandırılması isə milli mətbuatın daim dövlət diqqətində olduğunu bir daha sübut etdi.

Bu gün Azərbaycanda söz azadlığı təmin edilir. Yüzlərlə mətbu orqan sərbəst fəaliyyət göstərir. Yarandığı 141 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçmişdir. Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə malik olması, Şərq və Qərb sivilizasiyasının qovuşduğu məkanda formalaşmış mədəniyyəti demokratik milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Milli mətbuat orqanları isə öz növbəsində  Azərbaycan reallıqlarının dolğun şəkildə xarici mətbuata çatdırılmasında əsas qüvvə olmalıdır. Peşə bayramınız mübarək, əziz mətbuat işçiləri!

Nailə Məmmədova

“Azerbaijan Realities”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

Oxşar yazılar