Cavid Qurbanov: “Bakıda dairəvi yolun bir hissəsi ödənişli ola bilər”
02 may 2013 16:13 (UTC +04:00)

Cavid Qurbanov: “Bakıda dairəvi yolun bir hissəsi ödənişli ola bilər”

Azərbaycanda ödənişli avtomobil yollarının yaradılması iş adamlarına və sıravi vətəndaşlara vaxta və vəsaitə qənaət etməyə imkan verəcək, buna görə də ödənişli yolların tikintisindən narahatlıq əsasızdır.


 

«APA-Economics»in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət Komitəsinin bu gün keçirilən iclasında «Avtomobil yolları haqqında» qanuna əlavə və dəyişikliklərin müzakirəsi zamanı Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanov bildirib.

 

Onu sözlərinə görə, dünya təcrübəsinə əsasən, ödənişli yollar ya dövlətin tərəfdaşlığı ilə, ya da bütünlüklə özəl şirkətlər tərəfindən tikilir: «Bu mənada ödənişli yollar həm dövlətin iqtisadi gücünün böyük olduğunu, həm də ölkəyə investisiya marağının yüksək olduğunu göstərir».

 

ASC rəhbəri yeni qanunun qəbulundan sonra ödənişli yolların tikintisi ilə bağlı təkliflərin olacağını bildirib və gələcəkdə ödənişli yolların tikintisi mümkün olan ərazilərə misal olaraq Bakı ətrafındakı nəqliyyat sistemini göstərib. Onun sözlərinə görə, hazırda ölkədə müxtəlif istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin çoxu Bakı ətrafındakı yollardan istifadə etməli olur: «Bəzən, bunun üçün 80-10 km yol qət etmək və 3-4 saat vaxt itirmək lazım gəlir».

 

Hazırda bu çətinliyi aradan qaldırmaq üçün «Azəryolservis» tərəfindən Dünya Bankının krediti hesabına 2 zolaqlı dairəvi yol tikilir və bu yol hesabına Bakını dolanmaq üçün yolun uzunluğu 40 km təşkil edəcək.

 

C.Qurbanov bildirib ki, qanuna dəyişikliklər qəbul ediləndən sonra, məsələn, həmin yolun ikinci zolağının tikintisi prinsipcə özəl şirkətlərə təklif oluna bilər: «Hansısa şirkətə təklif etmək olar ki, yolun ikinci zolağını inşa etsin».

 

C.Qurbanov qeyd edib ki, gün ərzində Azərbaycana Qırmızı Körpü (Gürcüstanla dövlət sərhədi) istiqamətindən 1600-1700 avtomobil daxil olur və onların bir hissəsi Rusiyaya gedir. Bundan başqa, İrandan gəlməklə də Rusiyaya gedən, eləcə də əks istiqamətdə hərəkət edən avtomobillər var ki, onların hamısı yolun bu hissəsindən istifadə edə bilərlər: «Yeni tikilən yolun sayəsində onların yolu 60 km azalacaq. Avtomobillər bu yolda, məsələn, 100 manatlıq yanacaq və 3-4 saat vaxt itirdikləri halda, cəmi 20-30 və ya 10 manat ödəməklə daha qısa yolla hərəkət edə biləcəklər. Belə olsa, əlbəttə ki, adamlar yolu 10-20 manat ödəməklə yüklərini daha qısa yolla və ucuz qiymətə daşımağa üstünlük verəcəklər».

 

Qeyd edək ki, qanuna təklif olunan əlavələrə əsasən, ödənişli yollarda gediş haqqı yolun dərəcəsindən asılı olaraq müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2554
avatar

Oxşar yazılar