46 min əhalinin yaşadığı yerin yolu yenidən tikiləcək
11 may 2018 14:40 (UTC +04:00)

46 min əhalinin yaşadığı yerin yolu yenidən tikiləcək

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı dövlət proqramından irəli gələn tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin qəsəbələrini birləşdirən avtomoil yollarının yenidən qurulması işləri yüksək keyfiyyətlə və sürətlə davam etdirilir.

Vətəndaşların rahatlığı üçün hesablanmış layihələrin icrası nəticəsində ötən il ərzində 98 km uzunluğunda 10 qəsəbələrarası avtomobil yolu layihəsi icra olunub.

Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumata əsasən, bu il icrası reallaşdırılacaq 11 qəsəbələrarası avtomobil yolu layihəsindən daha biri Qaradağ rayonunda yerləşir. Bu, 13.8 km uzunluğa malik Lökbatan-Qızıldaş avtomobil yoludur.

Əsaslı şəkildə təmir olunmadan uzun illər istismar olunması, əsasən ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində yol geyimi və yol əsası deformasiyaya uğramış, qabarma və çalalar əmələ gəlmişdi. Bu isə vətəndaşların gediş-gəlişində çətinliklərə səbəb olurdu. Bu üzdən Dövlət Agentliyi tərəfindən yolun əsaslı şəkildə təmirinə start verildi.

Lökbatan-Qızıldaş avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edəcək.

Artıq yolun 4.7 km-lik hissəsində yeni yol yatağı inşa olunub. Yağıntılar zamanı yolun hərəkət hissəsinə suların dolmasının qarşısını almaq məqsədi ilə kənardan xüsusi material gətirilərək yol yatağı 1-1.4 metr hündürlüyə qaldırılıb. Hazırda sözügedən hissədə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır.

Torpaq işləri bitəndən sonra yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənəcək. Asfaltlanma işləri yolun təqribən 100 min kv.m sahəsində aparılacaq. Bundan başqa layihəyə uyğun olaraq 2 nöqtədə yolun altından suların ötürülməsi üçün suötürücü dəmir-betonborular quraşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma və bərpa işlərindən sonra yol boyu hərəkətin normal təşkili üçün yol nişanlarının quraşdırılması və yolun xətlənməsi kimi zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq, və sərnişin daşıması asanlaşmaqla 46 minə yaxın əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Oxşar yazılar