4278 adda dərman vasitəsi dövlət qeydiyyatına alınıb
“Son illərdə dərmanların keyfiyyətinə nəzarət, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Hazırda 4278 adda dərman vasitəsi dövlət qeydiyyatına alınıb və dərman vasitələrinin dövlət reyestrinə daxil edilib”. Lent.az-ın məlumatına görə, bunu 2013-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclasında səhiyyə naziri Oqtay Şirəliyev deyib.
Nazir bildirib ki, əczaçılıq fəaliyyəti göstərən müəssisələrə və satılan dərman preparatlarının keyfiyyətinə nəzarət gücləndirilib: “Bununla əlaqədar respublikada fəaliyyət göstərən apteklərə mütəmadi olaraq baxış keçirilir, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr barədə tədbir görülür. 2013-cü il ərzində ümumilikdə ölkə üzrə 270 aptekdə yoxlamalar keçirilib. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 5 aptek aşkarlanaraq fəaliyyətləri dayandırılıb”.
Həmçinin nazir onu da qeyd edib ki, keçirilən reydlər nəticəsində Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmamış və yararlıq haqqında analiz protokolları olmayan 8601 qutu, istifadə müddəti bitmiş 65 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib.