Bu gün od çərşənbəsidir
05 mart 2013 10:07 (UTC +04:00)

Bu gün od çərşənbəsidir

Bu gün xalq təqvimi ilə Boz ayın, ilaxır çərşənbələrindən ikincisi, Od çərşənbəsidir. Lent.az-ın məlumatına görə,  bu çərşənbə xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi də tanınır. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar - bezarları yandırırlar. 

Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi tədqiqatçılar tərəfindən qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan Atəşpərəstlik dini ilə bağlanılırdı. Çünki Zərdüşt tərəfindən yaradılan Avesta kitabındakı odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix boyunca özünü güclü şəkildə göstərmişdir. Hətta Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşgah da buna əyani misaldır. Od çərşənbəsi ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim, mif və rəvayətlər bu günümüzədək gəlib çatıb. Onlar arasında oda, ağaca olan inamlar da xüsusilə diqqəti cəlb edir. Məsələn, "ocağı şər vaxtı söndürməzlər", "od çərşənbəsində ocağı boş qoymazlar" və sair. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər. 

 Qeyd edək ki, həmin gün hamı müxtəlif xörəklər bişirməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. Bu süfrənizin bollu, bərəkətli olması, ilinizin şirin və sevinc dolu keçməsinə səbəb olur. Bu əsas inanclar və insanların inamları nəticəsində meydana gəlir.

 

 

Çərşənbəniz mübarək!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1406

Oxşar yazılar