“Azəravtoyol” ASC tərəfindən 12-22 May tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə start verilir.
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Neftçilər prospekti “Azneft meydanı”ndan başlanılacaq.
Bu məqsədlə axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin “Azneft meydanı”ndan Əl Oyunları İdman Sarayına qədər olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaq üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Bildirək ki, “Oyunlar zolağı”nın kənarlarına sarı xətt çəkiləcək və asfalt üzərində isə təyin edilən yerlərdə “Bakı 2017” sözləri yazılacaq.
“Oyunlar zolağı”nın Neftçilər prospektinə (“Azneft meydanı”-“Bayraq meydanı”), Bakı-Ələt yolunun 2-14 km-lik hissəsinə, Bakı Dairəvi-1 avtomobil yoluna, Moskva, Ziya Bünyadov və Atatürk prospektilərinə, Vaqif və Hənifə Ələsgərov küçələrinə, həmçinin Tbilisi prospektinə çəkilməsi nəzərdə tutulub.