Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən 2013-cü il üçün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günün mövzusu “İKT və yol hərəkətinin təhlükəsizliyinin artırılması” seçilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hər il dünyada baş verən yol-nəqliyyat hadisələri zamanı 1,3 milyon nəfər həlak olur, 20-50 milyonadək insan isə xəsarət alır.
BTİ BMT-nin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində aparıcı ixtisaslaşmış təsisatı kimi üzvlərdən İKT-nin kataliz rolundan yol hərəkətinin təhlükəsizliyinin artırılması və yol hərəkətinin təşkili sisteminin təkmilləşdirilməsi üçün istifadə edəcəklərini gözləyir. Sürücülərin diqqətsizliyi və yol hərəkəti iştirakçıları tərəfindən SMS-in göndərilməsi və avtomobildə quraşdırılan naviqasiya sistemləri və ya rabitə vasitələri ilə təmasları daxil olmaqla özünü büruzə verən davranışları yol-nəqliyyat hadisələri nəticəsində ölüm və xəsarət hallarına səbəb olan əsas amillər sırasındadır.