ARDNŞ-nin təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Birmingham Universitetinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüş keçirib. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib. Görüşdə BANM rektoru E.Qasımov qeyd edib ki, bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır. ARDNŞ –nin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən söz açan E.Qasımov bildirib ki, yeni ali məktəbin yaradılmasında əsas məqsəd bu layihələrdə işləyəcək yüksəkixtisaslı kadrlar hazırlanmaqdır.
Azərbaycana dəvət olunduqlarından məmnunluğunu ifadə edən Birmingham Universitetinin nümayəndəsi qeyd edib ki, Bakı Ali Neft Məktəbi ilə müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazırdırlar. Tədbir çərçivəsində BANM və Birmingham Universitetinin tələbələri arasında beynəlxalq tələbə mübadiləsi, uğurlu karyera seçimi və inkişafı yolları, tələbə həyatı, mühəndislik peşəsi kimi mövzularda fikir mübadiləsi aparılıb.