Hazırda dünyada 200 milyon uşağın əməyindən istifadə olunur.
APA-nın məlumatına görə, bunu Bakıda təşkil olunan Cənubi Qafqaz Forumu çərçivəsində insan alveri ilə bağlı keçirilən paneldə çıxış edən beynəlxalq “Moonbeam Films” şirkətinin direktoru və prodüsseri Anna Reevell deyib. O bildirib ki, bəzi hallarda valideynlər övladlarını kölə kimi satırlar: “Bunun qarşısını almaq, öz səsimizi dünya ictimaiyyətinə çatdıra bilmək üçün üzərimizə böyük məsuliyyət düşür”.
BMT-nin baş katibinin xüsusi məsləhətçisi Nafis Sadik insan alverinin geniş yayılmasına gətirib çıxaran amillər arasında yoxsulluğu və işsizliyi xüsusi qeyd edib: “İnsan alverinə qarşı uğurla mübarizə aparmaq üçün bu sosial bəlanı yaradan amilləri aradan qaldırmalıyıq. Təəssüf ki, bu gün narkotiklərə qarşı mübarizəyə diqqət yetirildiyi qədər insan alverinə fikir verilmir”.
N. Sadik bəyan edib ki, köləliyin müasir forması kimi təsvir edilən insan alveri cinayətdir və insan haqlarının pozulmasıdır: “Bu, dövrümüzün ən ağır və mürəkkəb problemlərindən biridir və bir ildə 30 milyard dollar gəlir gətirir. İnsan alveri insanların azadlıq, sülh və təhlükəsizlik şəraitində yaşamasına böyük maneə yaradır. İnsan alverinə qarşı daha təsirli mexanizmlər yaradılmalıdır”.