Xocalı Soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə fevralın 20-də Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi (DN) BMT Baş katibi Pan Gi Muna məktub ünvanlayıb. Fevralın 26-da mövzu ilə bağlı press-reliz BMT-yə üzv olan dövlətlərin diplomatik nümayəndəliklərinə göndərilib. Bu barədə APA
Lent.az-ın Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinə istinadən məlumat ına görə, fevralın 26-da Xocalı Soyqırımının 21-ci ildönümü ilə əlaqədar Nyu-York şəhərində fəaliyyət göstərən “Azerbaijan New York Association” təşkilatının hər iki qolu, “Türkiyə-Amerika Assosiasiyası” və “Federation of Turkish American Assosiations” ilə birlikdə iki etiraz aksiyası təşkil olunub.
İlk öncə təşkilatların nümayəndələri Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi qarşısında toplaşıb, Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən transparantlar nümayiş etdirib, şuarlar səsləndirib, faciə ilə bağlı müxtəlif kitab və jurnalları əcnəbilərə paylayıb, baş vermiş hadisələr barədə onlara ətraflı məlumat veriblər.
Daha sonra sözügedən təşkilatların nümayəndələri etiraz aksiyasını BMT-nin mənzil qərargahı qarşısında, əvvəlcədən şəhər meriyasından alınmış icazə əsasında, davam etdiriblər. Burada nümayişçilərin sayı 70 nəfərə çatıb və tədbirə Nyu-Yorkda təhsil alan azərbaycanlı və türk tələbələr də qatılıblar. İki saat ərzində davam etmiş tədbirin sonunda “Azerbaijan New York Association” təşkilatının rəhbəri Ercan Yerdələnli cəmiyyət adından BMT Baş Katibi Pan Gi Muna ünvanlanmış məktubu oxuyub.