Bizim günümüz
Milyonlarla insan hər gün radio və televizorun vasitəsilə ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən xəbər tutur. Səs və görüntülər uzaq məsafələrə xüsusi cihazlar və peyk antenaları vasitəsilə ötürülür. 1895-ci ildə rus fiziki Popov radioqəbuledici və radioötürücü aparatını icad etdi. Avropada isə radionun kəşfi çox vaxt italyan alim Qulyelmo Markoniyə aid edilir. O vaxtdan radio zəruri rabitə vasitəsinə çevrildi. Televizorun ixtirası isə bir qədər sonraya - XX əsrin 20-30-cu illərinə təsadüf edir. 1933-cü ildə amerikalı mühəndis rus mənşəli Vladimir Zvorikin televizorun əsas hissələrindən biri olan ötürücü qurğunu ixtira etdi. 30-cu illərin ortalarından televiziya verilişlərinin yayımı başlandı. İlk televiziya verilişi 1936-cı ildə Londonda olub. 1939-cu ildə ABŞ mühəndisləri Roze və Yoms tərəfindən televiziya ötürücü optikonu ixtira edildi. Avropada yalnız 50-ci illərdə televiziya geniş yayılmağa başladı. Azərbaycanda radionun tarixi XX əsrin 20-ci illərindən başlayır. Bakıda ilk radio qurğusu 1924-cü ildə quraşdırılıb. 1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlayıb. Məhz həmin il noyabrın 6-da ilk radio verilişi efirə çıxmışdır. O dövrdə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı. Azərbaycanda ilk televiziya verilişi isə 1956-cı il fevralın 14-də efirə çıxıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı da artdı. Son iki ildə isə Azərbaycanda internet televiziyaları da fəaliyyət göstərməyə başladı. 2013-cü ilin mayın 29-da isə internet televiziyaları arasında ölkədə ilk dəfə xəbər formatlı APA TV fəaliyyətə başladı. Azərbaycanda hər il noyabrın 6-sı Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bayramınız mübarək, əziz həmkarlar!
1271