Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. RIH-dən Lent.az-a verilən məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qadınları təbrik edərək respublikada baş verən quruculuq işlərində ölkə xanımlarının yaxından iştirak etdiyini, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə qadınların da töhfələrinin olduğunu diqqətə çatdırıb.
O, qadınların bu gün cəmiyyətin həyatında mühüm rol oynaması ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənələrin təntənəsi olduğu, onun tərəfindən müəyyən olunmuş dövlət siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkə rəhbərinin qadınların cəmiyyətdəki rolunu yüksək qiymətləndirdiyi vurğulayıb.
Təbrikdən sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən xanımlar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olunublar.
Tədbirin bədii hissəsində Binəqədi rayonu 266 saylı uşaq bağçasının kollektivi rəqslə və M.Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin şagirdi Anar Yusifov skripkada musiqi nömrəsi ifa edib.
Tədbirdə iştirak edən bütün xanımlara Rayon İcra Hakimiyyəti adından hədiyyələr təqdim edilib.