Beynəlxalq standart eyniləşdirmə nömrələri necə veriləcək? – QAYDA
18 mart 2013 10:33 (UTC +04:00)

Beynəlxalq standart eyniləşdirmə nömrələri necə veriləcək? – QAYDA

Nazirlər Kabineti “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”nı təsdiqləyib.

 

Lent.az-ın verdiyi məlumata görə, bu Qaydalar “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”qanuna uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikasının ərazisində buraxılan kitablara, not yazılarına, dövri nəşrlərə, audiovizual əsərlərə və audio-videoyazılara müvafiq olaraq İSBN, İSMN, İSSN, İSAN, İSRC beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi prosedurlarını müəyyən edir. 

 

Beynəlxalq standart eyniləşdirmə nömrələri aşağıdakı mənaları ifadə edir:

- İSBN (International Standard Book Number) - kitabın beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;

- İSMN (International Standard Music Number) - not nəşrlərinin və musiqi əsərlərinin yazıldığı audio-video nəşrlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;

- İSSN (International Standard Serial Number) - dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə;

- İSAN (International Standard Audiovisual Number) - audiovizual əsərlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;

- İSRC (International Standard Recording Code) - audio-videoyazıların beynəlxalq standart eyniliyini müəyyən edən nömrə.

Müəllif  Hüquqları  Agentliyi qanuna uyğun olaraq İSBN, İSMN, İSSN, İSAN, İSRC üzrə beynəlxalq agentliklərlə (bundan sonra - BA) razılaşdırmaqla beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı işləri təşkil edir. İSBN, İSMN, İSSN, İSAN, İSRC beynəlxalq standart eyniləşdirmə nömrələri (bundan sonra - beynəlxalq eyniləşdirmə nömrələri) BA-nın Azərbaycan Respublikası üzrə milli mərkəzləri (bundan sonra - milli mərkəzlər) vasitəsilə verilir. Milli mərkəzlər təsərrüfat hesabı prinsipi ilə fəaliyyət göstərən qurumlardır. Agentliyin tabeliyində olan və tabeliyində olmayan qurumlarda yaradılan milli mərkəzlərin fəaliyyəti Agentlik tərəfindən koordinasiya olunur. Milli mərkəzlər Agentlikdə qeydiyyatdan (akkreditasiyadan) keçirlər və onların yaradılması  və ləğvi barədə məlumatlar Agentlik tərəfindən BA-ya təqdim olunur. 

Azərbaycan Respublikasının ərazisində bütün növ daşıyıcılarda olan kitablarda, not nəşrlərində və audio-videoyazılarda müvafiq beynəlxalq eyniləşdirmə nömrələrinin (İSBN, İSMN, İSRC) istifadəsi məcburi, dövri nəşrlərdə və audiovizual əsərlərdə isə beynəlxalq eyniləşdirmə nömrələrinin (İSSN, İSAN) istifadəsi  könüllüdür. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi üzrə milli mərkəzlər  beynəlxalq eyniləşdirmə nömrələrinin reyestrini aparır, istifadəçilər haqqında məlumat bazası yaradır, onlara eyniləşdirmə nömrələrinin verilməsi barədə məlumat kitabçalarını nəşr edir, hüquqi və fiziki şəxslərin, həmçinin dövlət orqanlarının sorğuları əsasında məlumat bazalarından çıxarışlar verir. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi barədə milli mərkəzlər və istifadəçilər arasında yazılı müqavilə bağlanılır.

Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə haqq ödənilir. Beynəlxalq eyniləşdirmə nömrələri Agentlik və ya onun strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən verildikdə, həmin nömrələrin verilməsi ilə bağlı işlərin təşkili və həyata keçirilməsi üçün tələb olunan xərclər Agentliyin büdcədənkənar xüsusi vəsaitləri hesabına ödənilir. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi sahəsində vahid məlumat bazasının formalaşdırılması məqsədi ilə milli mərkəzlər il ərzində verilmiş beynəlxalq eyniləşdirmə nömrələrinin sayı, həmin nömrələrin verildiyi şəxslər və beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsinə görə əldə olunan vəsaitin məbləğləri barədə məlumatları Agentliyə göndərir və ya təqdim edirlər. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi və istifadəsi ilə bağlı yaranan mübahisələr BA-nın tövsiyələrinə uyğun qaydada həll edilir.

Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi üçün istifadəçi tərəfindən bu Qaydaların əlavəsində göstərilən ərizə nümunəsi doldurulur. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

- beynəlxalq eyniləşdirmə nömrəsinin verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğin ödənildiyini təsdiq edən sənəd;

- istifadəçi fiziki şəxs olduqda - şəxsiyyət vəsiqəsinin surəti və fiziki şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda yaşadığı yer üzrə vergi orqanında uçota alınması barədə şəhadətnamənin surəti;

- istifadəçi hüquqi şəxs olduqda təşkilatın nizamnaməsinin (əsasnaməsinin) və onun  dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışının) surəti.

Təqdim edilmiş sənədlər bu Qaydalara uyğun olduqda, beynəlxalq eyniləşdirmə nömrəsi ərizənin milli mərkəzə daxil olduğu tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq verilir. Bu Qaydalarda göstərilən sənədlər tam təqdim edilmədikdə və ya sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, beynəlxalq eyniləşdirmə nömrəsinin verilməsindən imtina olunur və bu barədə ərizəçiyə 2 (iki) iş günü müddətində əsaslandırılmış cavab verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra beynəlxalq eyniləşdirmə nömrəsinin verilməsi barədə müraciətə yenidən baxılır və 3 (üç) iş günündən gec olmayaraq istifadəçiyə müvafiq eyniləşdirmə nömrəsi verilir. Verilmiş beynəlxalq eyniləşdirmə nömrələri və onun istifadəçisi barədə məlumatlar Agentliyin internet informasiya ehtiyatında (saytında) yerləşdirilir və digər kütləvi informasiya vasitələri ilə yayılır.

 

Nazirlər Kabineti beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqqın məbləğini də təsdiqləyib:

 

 

Sıra

№-si

Beynəlxalq

eyniləşdirmə nömrələri

Ödənilən haqqın məbləği

(manatla) 

1.

İSBN

15 AZN

2.

İSMN

10 AZN

3.

İSSN

5 AZN

4.

İSAN

10 AZN

5.

İSRC

15 AZN

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 861
avatar

Oxşar yazılar