Bu gün Bakıda 19-cu Azərbaycan Beynəlxalq Səhiyyə, 8-ci Azərbaycan Beynəlxalq Stomatologiya və 7-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgiləri başlayıb.
APA-nın xəbərinə görə, sərginin açılışında çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, artıq payız fəslində Azərbaycanda səhiyyə sərgisinin keçirilməsi bir ənənəyə çevrilib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi hər il dəstək verdiyi bu sərgiyə maraq artır və arealı genişlənir: “Bu il də sərgidə 17 ölkədən 116 şirkət iştirak edir. Səhiyyə sərgisi tibb sahəsində olan nümayəndələr arasında əməkdaşlığın qurulması, təşkilatlar arasında qarşılıqlı fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətlidir. Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrilib. Ölkənin bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də uğurlu inkişafa nail olunub. Son 6 ildə Azərbaycanda 500-dən artıq tibb müəssisəsi yenidən tikilib, əsaslı təmir edilib və ya müasir avadanlıqlarla təmin edilib”.
Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti Rəna Əliyeva də səhiyyə sərgisinin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, 8-ci Azərbaycan beynəlxalq stomatologiya sərgisində ağız boşluğunun gigiyenası üçün vasitələr, stomatologiya avadanlığı, implantologiya və dişlərin ağardılması üzrə ən son texnologiyalar nümayiş olunur.
“İteca Caspian” şirkətinin icraçı direktoru Edvard Strun bildirib ki, bu il sərgilərdə iştirak edən iştirakçıların sayında 20% artım qeydə alınıb: “İlk dəfə olaraq sərgi çərçivəsində dünyanın 20-dən artıq müxtəlif klinikasını ehtiva edən “Tibbi turizm” bölümü fəaliyyət göstərəcək. “Tibbi turizm” bölümü Ümumdünya Tibbi Turizm Assosiasiyası və Türkiyə Tibbi Turizm Assosiasiyasının dəstəyi ilə təşkil olunur.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin dəstəyi ilə “İteca Caspian LLC” və “İTE Group PLC” şirkətləri tərəfindən Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgilərə Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) da təşkilati dəstək göstərir.