Səhv etmirəmsə, dəvəquşudur. Deməli, bu quş başını torpağa salıb gizlədir, üzünüzə gülab suyu, üzr istəyirəm arxası çöldə qalır. Bu bədbəxt də elə bilir ki, heç kim onu görmür.
Uşaq vaxtı anam bizi axtaranda gözümüzü yumurduq, elə bilirdik ki, gizlənmişik, anam bizi görməyəcək. Ta ki başıma qapaz dəyəndə gözümüzü açırdıq, hə "ciicco" anam yanımızdadır.
Ana nəvazişi əvəzolunmazdır. Qapazına da qurban olum, sığalına da. Sözüm onda yox, elə hamı belə fikirləşir. Bu gün (yəni 25.12.2014 tarixdə... sonra bu yazı arxivə düşəndə tarix bilinsin deyə zəruri qeyd kimi bu mötərizənin içini doldurmağı özümə borc bildim) mötəbər saytların bir neçəsində başlığı bar-bar bağıran xəbərlə qarşılaşdım. Elə mən də bu bağırtının harayına yollanıb linki açdım. Deməli, 26 yaşlı iki uşaq anası internetdə tanış olduğu kişiyə qoşulub qaçıb. Cəhənnəmə qaçıb, gora qaçıb. Qaçış, bir marafonda qalibiyyət gətirir, bir də düşmən qabağından sağ-salamat qaçanda. İndi bu qadın elə bilir ki, qaçıb. Ay hay, ağ günə çıxdın, ay gəlin. Sən qaçmamısan, özünlə yekə bir kəndin, rayonun, nəhayət internet və televiziya üzərindən qazandığın çoxsaylı oxucu və tamaşaçı qınağını da özünə yük eləmisən. Hamı bir yana, ərinin və uşaqlarının yükünü daşıya biləcəksənmi, orasını bilmək olmaz. Hələ bu gün sabah yanına qaçdığın o adam sənə baş qaxıncı edəcək ki, ərini uşağını qoyub mənim yanıma pənah gətirmisən. Sonucda KİŞİDİ...
Ay yoldaşlar, ay qardaşlar, ay əziz həmvətənlər! Səhv edib, bəli, səhv edib. Adam balası kimi boşana bilərdi. Amma məni məsələnin başqa tərəfi narahat edir. Ailəsini səssiz-səmirsiz atıb gedən nə qədər kişi görmüşük. "Rusetin" ən gözəl Nataşaları nə qədər Azərbaycan balası doğub ruslaşdırıb, sizə qarşı istifadə edib. Niyə bir dəfə də olsun saytlarda, televiziyalarda "Biabırçılıq" başlığı altında ailəsini atıb başqasıyla qaçan o kişinin evindən süjet hazırlandığını görmədik? Arvadının, uşağının göz yaşını görmədik?!
Yadımdadır, bir qonşumuz vardı. On beş yaşında ərə vermişdilər. Rusiyada yaşayırdılar. Qız da qəşəng olduğu üçün əri orda gün verib işıq vermirdi. Əlini qapının arasına qoyub işgəncə edirdi yazığa. Görün onu nə həddə çatdırmışdı ki, uşaqlarını qoyub evdən çəkələklə qaçmışdı rayona. Əri ona şər ataraq başqa kişi ilə tutduğunu və evdən qovduğunu demişdi.
Bir başqa əhvalatı nəql edim. Deməli, arvadını burada qoyub illərlə Rusiyada kef çəkənlərdən birinə xəbər verirlər ki, başını orda islat burda qırxdır. Bəs, namus əldən gedib. Beş ildir arvadını qoyub gedən qeyrət dağarcığı da silahlanıb gəlmişdi ki, arvadının dərsini versin...
Bax, belə-belə işlər. İndi mənim səhərin gözü açılmamış əsəblərimi təpəmdən çıxaran odur ki, ailə münasibətlərini bu qədər kütləviləşdirmək olmaz. Ailə müqəddəsdir deyirsinizsə, niyə bizim mənəvi dəyərlərimizi bu qədər cılızlaşdırırsınız. Kim, harada nə qələt qarışdırıb, sizə nə. Hörmətli sayt və televiziya rəhbərləri! Heç nə, elə belə... Da sözüm yoxdur... Bundan artıq nə deyim... Nə bilirsiniz, elə edin. Onsuz da it də gedib, ip də gedib. İP və reytinq çıxaranın dədəsinə lənət!..