<span style="color:red;">Baş allerqoloq : “Qeydiyyatdan keçməyən xeyli astma xəstəsi var”
04 may 2018 14:32 (UTC +04:00)

Baş allerqoloq: “Qeydiyyatdan keçməyən xeyli astma xəstəsi var”

“Azərbaycan iqlim şəraitinə görə əlverişli zona olduğundan astma xəstəliyinə əsasən rütubətli, yəni cənub zonasında daha çox rast gəlinir”.

 

Lent.az xəbər verir ki, bununla bağlı məlumatı Səhiyyə Nazirliyinin baş allerqoloqu, professor Cəbrayıl Məmmədov bildirib: “Amma son zamanlar səhiyyənin inkişafı və daha təsirli dərman vasitələrindən istifadə bu xəstəliklə mübarizədə effektiv rol oynayır. Xəstəlik əsasən allergik mənşəlidir və sənaye cəhətdən inkişaf etmiş, nəmişliyi çox olan ölkələrdə daha geniş yayılıb. Xəstəliyə əsasən İrlandiya, Pribaltika ölkələri, Kanada, Şimali Amerika və s. ölkələrdə geniş rast gəlinir. Hətta bəzi ölkələr var ki, bu göstərici 30-40% təşkil edir. Azərbaycan iqlim şəraitinə görə əlverişli zona olduğundan bu xəstəliyə əsasən rütubətli, yəni, cənub zonasında daha çox rast gəlinir”.

 

Bronxial astmanın əsas əlamətləri barədə danışan, professor qeyd edib ki, bu zaman vaxtaşırı boğulmalar baş verir: “Bu, bəzən yüngül formada ötüb keçə bilər, amma elə hallar olur ki, bu zaman mütləq həkimin müdaxiləsi vacibdir. Bu tutmalar əsasən gecəyarısı üçün xarakterikdir. Fiziki iş, idmanla məşğul olan zaman sinədə səsli küy olur. Bu zaman tənəffüs alıb-vermə çətinləşir və xəstə boğulmağa başlayır. Boğazda qaşınma, öskürək halları baş verir. Müalicə olunmazsa, ağciyərlərin emfizeması deyilən ağırlaşmaya, sonda isə ağciyər və ürək çatışmazlığına gətirib çıxarır. Bu zaman insanın həyat keyfiyyəti aşağı düşür. Ona görə də bu xəstəlik çox ciddi sayılmalı və əlamətləri müşahidə edildiyi zaman mütləq allerqoloqa müraciət edilməlidir. 

 


Hətta boğulma elə həddə çata bilər ki, xəstə asfiksiyadan, yəni boğulmadan dünyasını dəyişə bilər. Hazırda bütün dünyada, eləcə də Azərbaycanda bu xəstəlik nəzarətə götürüldüyündən belə halların baş verməsinə çox az rast gəlinir. Əsasən xəstəlik zamanı həmin insan stabil vəziyyətə gətirilir və o öz həyatını normal şəkildə davam etdirə bilir”.

 

Astmalı xəstələrin sayına gəlincə, professor bildirib ki, bunun statistikasını aparmaq çətindir: “Çünki bəzi insanlar astmanı digər xəstəliklərlə qarışdırır, heç bəzən həkimə də müraciət etmirlər. Bizdə olan məlumata görə, hazırda Azərbaycanda bu xəstəlik həm uşaqlar, həm də böyüklər arasında 6-8% təşkil edir. Amma qeydiyyatdan keçməyən insanların sayı kifayət qədərdir”.

 

“Bəs xəstəliyə əsasən niyə nəmlik olan yerlərdə daha çox rast gəlinir?” sualına isə professor belə cavab verib: “Bütün dünyada allergik bronxial astmanı törədən səbəb kimi ilk olaraq, ev və məişət gənələri təşkil edir. Bu gənələr hər birimizin evində var və onlar gözlə görünmür. Əsasən nəmişlik olan yerlərdə onların çoxalması üçün əlverişli şərait yaranır. Ona görə də belə xəstələr çalışmalıdırlar ki, evlərində yumşaq dəst əşyalarının sayını azaltsınlar. Bu əşyalara yığılan toz hissəcikləri gənələr üçün optimal şərait yaradırlar”.

 

C. Məmmədov onu da vurğulayıb ki, bu xəstəlikdə ən vacib amil genetik meylliyin olmasıdır: “Əgər ailədə, ya da nəsildə allergiya varsa, bu, mütləq özünü sonrakı nəsildə də büruzə verəcək. Allergik astmanın ən mühüm əlaməti burunda qaşınmaların, tutulmaların və tez-tez asqırma hallarının olmasıdır. Ən çox səhər yuxudan oyananda burun tutulur, həmin insan tez-tez asqırır. Bu, qripin əlamətlərinə oxşadığına görə, bəzi insanlar elə bilirlər ki, onlar qripdir. Amma qrip virus törədir, bu zaman insanda hərarət olmalıdır.

 

Allergiyada isə temperatur, titrətmə olmur. İnsanlar allergik rinit olan dövrdə düzgün olaraq bunu başa düşüb vaxtında həkimə müraciət etsələr, xəstəliyin qarşısını almaq olar. Amma bu kəskinləşərsə, gələcəkdə bronxial astma olma qorxusu var. Biz hər zaman insanlara tövsiyə edirik ki, əgər bir insan qrip deyilsə və sadaladığım hallar onda varsa, demək ki, onda artıq allergik rinitin əlamətləri var. Ona görə də vaxtında allerqoloqa müraciət edib, xəstəliyi zamanında müalicə etmək lazımdır ki, bronxial astmaya keçməsin”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 383
avatar

Yasəmən Bağırova

Oxşar yazılar