İTV-nin yeni baş direktorundan <span style="color:red;">İLK AÇIQLAMA - YENİLƏNİB
01 iyun 2018 12:25 (UTC +04:00)

İTV-nin yeni baş direktorundan İLK AÇIQLAMA - YENİLƏNİB

"Etimadı doğrultmağa çalışacağam".

 

APA-nın xəbərinə görə, bunu İTV-nin yeni seçilmiş baş direktoru Balakişi Qasımov deyib.

 

O, İTV-nin baş direktoru vəzifəsinə iddiaçıları əməkdaşlığa dəvət edib.

 

Baş direktor qeyd edib ki, məqsədi İctimai Televiziya və Radionu müasir, innovativ media strukturuna çevirmək, ölkənin qabaqcıl kütləvi informasiya vasitələri sırasına çıxarmaqdır: "Televiziya və radio sahəsində uğur peşəkar komanda ilə sıx bağlıdır. Hazırda İctimai televiziya və radioda peşəkarlar çalışır və onlarla birlikdə tamaşaçı üçün daha maraqlı kontent istehsal etməyə çalışacağıq. Azərbaycanın inkişafının, cəmiyyətdə baş verən proseslərin işıqlandırılmasında, maarifləndirmə işində televiziya və radionun rolu əvəzsizdir. İctimai televiziya və radionun isə məqsədi adından da göründüyü kimi cəmiyyətə xidmət etməkdir. Biz bu işin öhdəsindən daha da yaxşı gəlmək niyyətindəyik. İctimai Televiziya və Radio Yayımları Şirkəti 2005-ci ildən etibarən fəaliyyətə başlayıb. Geniş beynəlxalq əlaqələrə malik olan İctimai Televiziya və Radio Yayımları Şirkəti yüzlərlə uğurlu və miqyaslı layihəyə imza atıb. Şirkət gələcəkdə də uğurlu yerli və beynəlxalq layihələrin sayını artırmağı planlaşdırır". 

 

 

***

 

 

12:20

 

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası keçirilib.

 

APA-nın xəbərinə görə, iclasda İTV-nin baş direktoru vəzifəsinə seçki baş tutub.

 

“İctimai televiziya və radio yayımı haqqında” qanunun müvafiq maddələrinin tələblərinə uyğun olaraq, Yayım Şurası tərəfindən Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İTV-nin baş direktoru seçilib.

 

 

İclasda Yayım Şurasının 9 üzvündən 8-i iştirak edib ki, onların da hamısı gizli səsvermədə səslərini Balakişi Qasımova veriblər.

 

Qeyd edək ki, Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib.

 

MTRŞ İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib. İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 iddiaçı - Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu və Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim edib.

 

B. Qasımov 20 oktyabr 1978-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes üzrə menecment fakültəsinin Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisasını bitirib. 2001-ci ildə isə eyni universitetin İstehsal sistemlərinin idarəedilməsi fakültəsinin Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə magistraturasını bitirib. İTV-nin baş direktoru seçilənə qədər Gametv.az prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb. O, eyni zamanda, Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı “Əlaçı” (“Brainist”), “61!” (“Jeopardy!”), “Breyn-rinq”, "Kim? Harda? Nə vaxt?" verilişlərinin baş prodüseri və rejissoru olub.

 

Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosiasiyası tərəfindən 2010-cu ildə ilin adamı seçilib. 2010-cu ilin yekunlarına əsasən, "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb.

 

2017-ci ildə "Kim? Harda? Nə vaxt?" hərəkatının inkişafına verdiyi töhfələrə görə Vladimir Voroşilov mükafatının laureatı olub.

 

Ailəlidir, 2 övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312
avatar

APA Baycan

Oxşar yazılar