Balakən rayonunda 28 May - Respublika Günü ilə əlaqədar bir sıra tədbir keçirilib. Balakən rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qaracabinə kəndində yeni məktəb binası istifadəyə verilib, Qabaqçöl qəsəbəsi və Şərif kəndi isə ilk dəfə qazla təmin olunub.
Qaracabinə kəndində dövlət vəsaiti hesabına inşa olunmuş 80 şagird yerlik yeni məktəb binası sinif otaqları ilə yanaşı, fizika-kimya kabinetləri, kompyuter otağı və müasir qurğularla, sinif otaqları müasir istilik sistemi ilə təchiz olunub. Burada yeni mebel avadanlıqları və inventarlar quraşdırılıb. Məktəbin açılışında çıxış edən rayon rəhbərliyi məktəbin müəllim və şagird kollektivini təbrik edərək son illər respublikada təhsil və təhsil işçilərinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, son 5 ildə Balakəndə 23 yeni məktəb binası istifadəyə verilib. Rayonda dövlət vəsaiti ilə yanaşı, Heydər Əliyev Fondu tərəfindən 4, Dövlət Neft Şirkəti tərəfindən 2 məktəb tikilərək istifadəyə verilib.
Yeni qaz verilən Qabaqçöl qəsəbəsi və Şərif kəndinə qaz xəttinin çəkilişinə bu ilin əvvəlində başlanılıb. Qeyd olunub ki, qəsəbədə 235, kənddə isə 637 abonentə qaz verilib. Hər iki yaşayış məntəqəsində sayğaclaşma başa çatdırılıb. Şərif kəndinə 50 226 metr uzunluğunda polietilen, Qabaqçöl qəsəbəsinə isə 19 526 metr qaz xətti çəkilib. Tədbirdə vurğulanıb ki, hazırda rayonun daha 3 kəndinə qaz xətlərinin çəkilişi işləri aparılır.
Qeyd edək ki, ilin sonuna Balakən rayonun Şambul, Meşəşambul və Yeni Şərif kəndlərinin əhalisi də mavi yanacaqdan istifadə edə biləcək.