Əvvəldən təyin etdiyimiz yerdə görüşüb, onun istəyinə görə “Torqovı”da gəzirik. Yanımızdan bir qrup ərəb turist keçir. Mətt onları diqqətlə süzür:
- 5 il əvvəl onlar Bakıda yox idi. Təyyarədən düşəndə şokdaydım. Hava limanından taksi ilə Bakıya gələndə ətrafa baxırdım. Qadınlar niqabda idi. Düşündüm, Azərbaycana nə olub? Axı siz azad ölkəsiniz. Birinci dəfə Bakıda olanda vəziyyət tamam başqa idi. Nə baş verir?! Çox təəccübləndim. Sonra anladım ki, onlar ərəbcə danışırlar, azərbaycanca yox. Turistlərmiş. Bu, yaxşıdı. Onlar sizə pul gətirirlər.
Bakıdakı ərəb turistlərin çoxluğuna təəccüblənən qonağımız Mattvey Zaslanskidir. Doğma-böyümə amerikalıdır. ABŞ-dan Bakıya təhsili ilə əlaqədar gəlib. Azərbaycan dilində danışır. Şirin ləhcəsi var. Daha çox Təbriz ləhcəsinə bənzəyir.
Mətt 1992-ci ildə Nyu-Yorka yaxın Poukipzi şəhərində dünyaya gəlib. Buffalo Universitetindən məzun olub. Doktorantdır. Hazırda ABŞ-ın San Diyeqo ştatının Kaliforniya Universitetində dilçilik üzrə təhsilini davam etdirir. 5 il əvvəl ilk dəfə Azərbaycana Amerika Hökumətinin Əhəmiyyətli Dil Təqaüd Proqramı çərçivəsində gəlib. Proqram vasitəsi ilə o, çin, rus, fars, koreya, Azərbaycan, türk və s. dillərini öyrənmək üçün 2-3 aylıq həmin ölkələrə gedə bilərdi. Məttin seçimi Azərbaycan olub.
- Bakıda Xarici Dillər Universitetində oxudum. Başlanğıcda qrupda 12 nəfər idik. Sonra 11 olduq. İntensiv dərslər keçirilirdi. Hər gün 4 saat. Bundan başqa rayonlara ekskursiyalar vardı. Yalnız Azərbaycan dilində danışmalı idik. Mənim problemim onda idi ki, yalnız Azərbaycan dilini işlətmirdim. Bakıda evində qaldığım qoca azərbaycanlı – “babuşka” rusca daha yaxşı bilirdi. Ona görə də mən get-gedə rusca öyrənməyə başlayırdım (gülür). 3 ay sonra imtahan verəndə mənim balım çox aşağı oldu. Amma özüm bilirdim ki, çox yaxşıyam.
- Onda Azərbaycan dilini Bakıda öyrənmisiniz?
- Yox. Bluminqton Universitetində yay proqramı vardı. Soyuq müharibə dövründə məhz SSRİ ölkələrinin dillərini öyrənmək üçün yaradılıb. İndi də var. 6 il əvvəl Azərbaycan dili dərsi vardı. 2011-ci ildə Yay proqramında rus dili dərslərində təxminən 70 nəfər, uyğur dilini öyrənən 3 nəfər vardı. Azərbaycanca oxuyanlar 2 nəfər idik. 2012-ci ildə Azərbaycan dili ləğv edilmişdi. Çünki maraq yoxuydu. Səhv eləmirəmsə, 2016-cı ildə təzədən bərpa ediblər. Rus, Çin, ya İtaliya dilini öyrənmək istəsəm, asandı. Amerikada çoxlu kitablar, kinolar var. Amerikada küçədə, metroda bu dilləri eşidirəm. Amma Azərbaycan dili o qədər məşhur deyil, resurslar azdı deyə öyrənmək çətindir. İlk öyrəndiyim söz salam olub. Bluminqton Universitetində ilk müəllimim Təbrizdən idi. Bir neçə il Bakıda da yaşamışdı. O mənə dedi ki, “inşallah” Azərbaycan dilində ən işlək sözdür. Azərbaycanlılar hər vəziyyətdə bu sözü deyirlər. Həqiqətən də elədi. Azərbaycan gəldim, gördüm hamı “inşallah”, deyir. - Sabah görüşəcəyik? - İnşallah! Azərbaycan dilində öyrəndiyim ikinci ən vacib söz – “inşallah” oldu.
Gülürük. Səhər çağı olsa da, günəş yandırır. Gündən qorunmaq üçün kafelərdən birinə keçirik. Sifarişimizi verib, söhbətimizə davam edirik. Maraqlı danışır. Hərdən “sən”, dərhal da səhvini düzəldib “siz” deyir.
- Xarici Dillər Universitetində oxuduğum proqramın sonunda imtahan verdim. İmtahan “babuşka”nın evində oldu. Telefonla. Çətin və anlamadığım suallar verirdilər. Misal üçün, nə vaxt siz Amerika səfirliyinə getdiniz? Siyasət haqqında suallar verdilər. Mən də o zamanlar siyasət haqqında fikirləşmirdim.
- Bəs indi?
- Hə, bəzi sözləri öyrənmişəm: prezident, Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, icazə almaq, beynəlxalq əlaqələr və.
- Maraqlıdır, niyə məhz Azərbaycan dilini seçdiniz? Yuxarıda sadaladığınız dillərdən birini seçə bilərdiniz. Üstəlik, dediyiniz kimi, Azərbaycan dilini öyrənmək üçün resurs da azdı.
- Çünki mən tatlar, talışlar, ləzgilərlə işləmək istəsəm, Azərbaycan dili lazım olacaq. Bakalavrda oxuyanda Qafqaz haqqında öyrəndim. Fakültəmizdəki professorlardan heç biri Qafqaz dillərini işləmirdi. Qafqaz dillərinin öz morfoloji xüsusiyyəti var. Mən məhz morfoloqam. Dilçilik sahəsində müxtəlif didaktik sahələr var. Qafqazdakı dillərin çox mürəkkəb morfologiyası var. Misal üçün, Azərbaycan dilində 6 hal var, Mahaçqalada danışılan avar dilində 27 hal. Bu qədər hal haradan gəldi? Hansı təkamülü keçdi? Bəşəriyyətin dilləri necə və haradan gəlib? Mənim işim bunları öyrənməkdir. Azərbaycan türkoloqları savadlıdır, ancaq yalnız ədəbi dili öyrənirlər. Onlar danışıq, küçə diliylə bağlı tədqiqat aparmırlar. Bu, çox pisdi. Küçə dili əsas dildir. Danışıq dilinin öz mürəkkəbliyi var. Ədəbi dil təbii deyil.
- Azərbaycan dilində danışmaq çətin deyil?
- Sizin dilinizdəki bəzi səslər bizdə bəzi ləhcələrdə var: “ö”, “ü”, “x”, “ğ”. İngiltərədə Liverpul ləhcəsində “xe” səsi var. Samit səsin arasındakı “k” hərfi “xe” səsi olur. Bəzi səslər var, çox çətindir. Misal üçün, “ü”, “ö”. Amma ən çətini “k” səsidir.
- Könül?
- Hə.
Məndən sonra o da təkrar edir. “K” səsi daha çox kolxozun “k”sinə bənzəyir.
- Azərbaycanda dilçilik sahəsi var, amma inkişaf etməyib. Dilçilik nə ədəbiyyat, nə filologiya, nə də pedaqogika deyil. Dilçilik beyin və mədəniyyət elmidir. Sizdə bu sahə var idi. Amma Stalinin dövründə vəziyyət get-gedə pisləşdi. Yerli dilçilər ölkəni tərk etdi. Yeni dilçilər pedaqoq, filoloq oldular. Sizdəki ən yaxşı dilçilər türkoloqlardır. Xarici Dillər Universitetində Jalə Qəribova var, yaxşı dilçidir. Azərbaycan dili oxuyur, amma türkoloq deyil, əsl dilçidir. Azərbaycanlı dilçilərin əksəriyyəti xaricdə yaşayırlar. Burda deyirəm ki, mən dilçi deyiləm, Qafqazşünasam. Belə deyəndə izah etmək daha asandır. Çünki mən yerli dillərlə işləyirəm. Misal üçün, Azərbaycan jest dili. Eşitməyən insanların işarət dili. Dünyada müxtəlif işarət dilləri var. Onlardan biri Azərbaycan jest dilidir, başqa dillərdən fərqlənir. Azərbaycan işarət dili rus işarət dilinə çox oxşayır, eyni köklüdür. Çünki hər ikisi sovet işlək dilindən gəliblər. Türkcə və azərbaycanca kimi. Postsovet dövründə rus və xarici dilçilər rus işarət dilini oxumağa başladılar. Azərbaycan jest dili oxuyanlar azdı. Olanlar da surdoloq oldular. Qəzənfər Kazımov yaxşı türkoloqlardan biridir. O danışıq dillərini, ləhcələri öyrənir.
***
Bütün bu çətinliklərə rəğmən Mətt Azərbaycan dilini öyrənib. Danışığında ləhcə olsa da, yazısından əsla bir xarici ilə yazışdığını hiss etməzsən. Hətta bəzi rus dilli azərbaycanlılardan da yaxşı danışır və yazır. Onu dinləyən hər kəsi təəccüblənir. Bu təəccübü qonşu masada əyləşənlərin və ofisiantın baxışlarında da hiss etmək olur. Bu baxışları hiss edən Mətt:
- Bəzən məni ləzgiyə oxşadırlar, bəzən də rusa. Rus deyəndə təəccüblənirəm. Alman desələr, anlayaram. Rusa oxşatmaq?!
Çiyinlərini çəkir.
- Kimsə mənimlə ingiliscə danışanda, yalandan deyirəm ki, ingiliscə bilmirəm, litvaca danışıram. İstəyirəm mənimlə Azərbaycanca danışsınlar. Azərbaycan dilində danışanda deyirlər, vay-vay, nə gözəl danışırsınız?!
- Ən çox hansı sualı verirlər?
- Soruşurlar, Azərbaycan dilini harada öyrənmişəm? Niyə Gəncəyə getməmişəm? Niyə Qəbələyə getməmişəm? Hansı yaxşıdı - Amerika, ya Bakı? Azərbaycanlılar çox qonaqpərvərdir. Nyu-Yorkda birinin səni evinə dəvət etməsi üçün dost olmalısınız. Amma burda elə deyil. Tanımadığım insan məni öz evinə dəvət edir. Çox yaxşı bir şeydir. Ümumiyyətlə, Azərbaycan mədəniyyəti çox xoşuma gəlir. Əsas da kosmopolitizm. Bakı çox qarışıq yerdir. Əslində bütün yerli xalqların şəhəridir. Tatlar, ruslar, almanlar, talışlar, ləzgilər, yəhudilər var. Sekulyarizm var burda. Məncə, bu yaxşıdır. Yerli xristianlar, yəhudilər, ateistlər yaxşı yaşayırlar. Qonşunuz İranda belə deyil.
- İranda olmusunuz?
- Yox, ora gedə bilmirəm. Amerikalı kimi ora getməyim problemdi.
Mətt hesab edir ki, bir bölgədə yaşayan bütün xalqların dili diqqətlə öyrənilməlidir. “Məsələn, Amerikada yerli xalqların dil və mədəniyyəti tədris olunur”.
- Hinduların da?
- Bəli. Biz hindulara çox haqsızlıq etmişik. İndiki vəziyyət də o qədər yaxşı deyil, amma istəsələr, universitetlərdə öz dillərində təhsil ala bilərlər. Amma hamısı, yox. Navaho kimi böyük tayfalar.
***
Mətt yarım saat sonra görüşü olduğunu deyir və qalxırıq. Kitabxananın yanında keçəndə Azərbaycan dilində oxuduğu kitabları soruşuram.
- Axundov və Xətaini oxumuşam. “Lənkəran xanının vəziri”, teatr əsərləri çox xoşuma gəlir. Xətai çox çətindir.
Azərbaycan işlək dili ilə yanaşı, farsca, rusca, yəhudi tatca, türkcə, talışca, ləzgicə, ispanca da öyrənir. Bundan başqa bir neçə əlifbada yazmağı da bacarır.
Və telefonunda göstərir.
- Təbrizli dostlarımla ərəb-fars əlifbası ilə azərbaycanca yazışıram. Rusiyadakı azərbaycanlı dostlarımla ilə kiril əlifbası ilə. Rusiyadakı dostlarımın bəzisi mənə Azərbaycan kiril əlifbasında yox, Rus kiril əlifbasında yazırlar. Bu mənə çətin gəlir. Bəzən “ə” əvəzinə “я” yazırlar. Amma mən onlara yazanda əlifbanı dəyişərək düz yazıram.
***
Dayanacağa çatırıq. Telefonunda mənim adımı yazır. Rus kiril əlifbası ilə “L” ardınca şrifti dəyişir, latın əlifbasında “ə” və geri kiril əlifbasına qayıdıb “man” yazır. Avtobus gəlir və Bakıda özünü vətənindəki kimi hiss edən, insanlarımızla öz ana dilində danışırmış kimi danışan, qonaqdan daha çox yerli-yataqlı bakılı kimi davranan müsahibimlə sağollaşırıq...
Görüşərik, Mətt! İnşallah...