Azərbaycan mediasının son illərdəki inkişafında özünəməxsus izi olan APA informasiya agentliyi dünən 21 illik yolunu tamamladı. Ötən iki onillik ərzində APA təkcə xəbər istehsalçısı kimi deyil, həm də jurnalistikanın etibarlı ünvanı, peşəkar mühit və media məktəbi kimi formalaşıb. Bu ailənin bir parçası olan yüzlərlə jurnalist burada özünü tapıb, peşəsini sevib, böyüyüb və yetişib.
Lent.az-ın müsahibi APA-nın baş redaktoru Fərid Mirzədir
- Fərid müəllim, APA-nın 21 yaşı oldu. İstərdim, birinci APA haqqında -ürək sözlərinizi deyəsiz.
- Bu 21 ilin 14-nü mən burada keçirmişəm. APA media qrupa daxil olan elə bir media qurumu yoxdur ki, orada işləməyim, yazım çıxmasın. APA media qurumdan başqa həm də bir ailə, səmimiyyət ortamıdır. Burada jurnalistlər özlərini tapa bilirlər. Mən də özümü APA-da realizə etmişəm. Sevinirəm ki, bu kollektivdəyəm, burada xeyli sayda dost qazanmışam. Düşünürəm ki, biz olsaq da, olmasaq da APA adı yaşayacaq. Jurnalistikada gəlib keçmiş jurnalistlər karyeralarında APA-nın adının olmasını vacib məqam kimi görürlər.

- Bu gün bir çox media qurumları xəbəri operativ verir, amma sonra bu yanlış çıxır. Bir növ dəqiqliyi operativliyə qurban verir. APA necə həm operativ, həm dəqiq ola bilir?
- Belə deyim, bu, işin ən incə tərəflərindən biridir. O qızıl ortanı saxlamaq lazımdır. Bu, artıq APA-nın dəsti-xəttidir. Doğrudur, operativ olmağa çalışırıq, amma bizim üçün birinci növbədə dəqiqlikdir.
- Bundan əvvəl işlədiyim media orqanlarında da vacib bir xəbər olanda həmişə deyirdilər ki, APA bu xəbəri veribsə, doğrudur...
- 3 il əvvəl yüksək təyinatlı məmurlardan biri işdən azad olunmuşdu. İnternet televiziyalarından birində aparıcı dedi ki, APA yazıbsa, deməli, doğru xəbərdir. Elə olur, inandığım bir xəbəri verirəm, amma yenə də içimdə şübhə qalır ki, birdən... APA-nın bir dəsti-xətti var. Bizim üçün o dəsti-xətti qorumaq işin ən vacib tərəfidir. Çalışırıq ki, daha keyfiyyətli iş ortaya qoyaq.

- Bura hər girəndə qızğın iş getdiyini görürük. Müxbirlər, redaktorlarla münasibətinizi necə qurursuz?
- Sərt idarə üsulunun tərəfdarı deyiləm. Doğrudur, nizam-intizam, məsuliyyət yerində olmalıdır. Sui-istifadə halları olmamaq şərtilə mehriban kollektivik. Zarafatımız zarafat, işimiz iş, tələblərimiz də tələb səviyyəsindədir. Evdə uşaqdan, ata-anadan çox Nadiri, Mirmehdini, digər işçiləri görürəm.
Mən danışmağın tərəfdarı deyiləm. Ondan asan heç nə yoxdur. İşim danışmalıdır, mən yox. Ön sıralarda olmaq, gözə görünmək istəməmişəm. Bütün bunlar kollektiv əməyin nəticəsidir. Bura Vüsalə xanımın, Nurşən müəllimin yaratdığı bir agentlik olub, böyüyüb. 30, 40, 50 və sair illər davam edəcək. APA zamanla ayaqlaşır. Biz də yeni dövrün trendləri ilə uzlaşmağa çalışırıq. Köhnəni qoruyub saxlayanda istənilən effekti əldə etmək olmur.

- Baş redaktor kimi son qərarı vermək, ən çox məsuliyyət sizin üzərinizdədir...
- Təbii ki, həlledici anda son sözü mən deyirəm. Amma bizdə bir məsləhətləşmə də olur. İstər redaktorlar, istər müxbirlərlə. Öyrədərək öyrənirəm. Təkliflərə, iradlara açıq oluram. İş, komanda varsa, burada hamının səsi eşidilməli, yeri gəlsə, nəzərə alınmalıdır. Müxbir xəbəri yazır və o xəbər yayımlanırsa, artıq o xəbərin məsuliyyəti, rezonansı da baş redaktorla, agentliklə bağlı olur. APA elə bir yerdir ki, çıxan xəbərdə bir nöqtə, vergülün belə yerində olmaması gözə batır.
- Xüsusi olaraq çox sevdiyiniz işçiniz kimdir?
- Emin Şirvanzadə. Ən çox onu danlayıram, ən çox da onu çox istəyirəm. Onu tənqid edə-edə çox istəməyə başladım.
Foto - Rüfət Mustafayev © APA GROUP