“Bəlkə də həkim olsaydım, daha uğurlu olardım” - Nurşən Quliyevlə yubiley söhbəti
27 fevral 2024 11:06 (UTC +04:00)

“Bəlkə də həkim olsaydım, daha uğurlu olardım” - Nurşən Quliyevlə yubiley söhbəti

Fevralın 24-də Azərbaycan mediasının tanınmış jurnalistlərindən biri, "APA Media Group"un baş redaktoru Nurşən Quliyevin 50 yaşı tamam oldu. İstədik gəncliyin qocalığı, qocalığın baharı deyilən 50-ci ilin başlanğıcında onunla söhbət edək. Müsahibə verməyə həvəsli olmasa da, söhbətə razı sala bildik.

Nurşən müəllim, əslində, az sözlə çox fikir ifadə edən insandır və susarkən belə çox söz deyir. Təbii ki, duyana, anlayana. Əslində, çox maraqlı insandır, özü demiş, qarşısındakı yaxşı həmsöhbət olub danışdıra, onun marağını çəkə bilsə.

Lent.az Nurşən Quliyevlə müsahibəni təqdim edir:

- Nurşən müəllim, müsahibə vermək çətindir, yoxsa almaq? 

- Mənim üçün müsahibə vermək müsahibə almaqdan daha çətindir.  Yubiley münasibətilə bir-neçə yerdən müsahibə istədilər, bəziləri də yəqin “yox” dediyim üçün incidi. İndi Lent.az-da görüb, “bizə yox, onlara hə dedi” deyənlər bəri başdan üzrxahlığımı qəbul eləsinlər, ümumiyyətlə, düşünürəm ki, mən maraqsız müsahibəm.

-  Bildiyimə görə, sizin jurnalistikadan öncə bir döyüşçü keçmişiniz də olub...

- Gəncliyimiz I Qarabağ müharibəsi illərinə düşdü. 1992-ci ildə hərbi xidmətə getdim. Bakı Dövlət Universitetinin birinci kursunda oxuyurdum onda. Çoxu kimi mən də hərbi xidmətə getdim. O zamanlar hərbi xidmətin konkret müddəti yox idi. 4 ildən bir qədər artıq xidmətdə oldum, döyüşlərə qatıldım. 

- Döyüşlərə könüllü getmisiniz?

- Mən getməmək barədə düşünməmişəm, hesab edirdim ki, mütləq orada olmalıyam, getməliyəm və getdim.

-  18 yaşlı gənc birdən-birə savaş meydanına atıldı. Ölüm qorxusu var idi? 

- Bilmirəm, inandırıcı görünəcək ya yox, döyüş vaxt elə bir şey hiss eləməmişəm. Əməliyyata gedəndə bilirdik ki, ölə bilərik, yaralana, şikəst qala bilərik. Amma döyüş başlayanda bu barədə  düşünmürdüm. Düşündüyüm yeganə şey düşmənə nifrət idi. Bəlkə də bu, gəncliklə, çılğınlıqla bağlıdır. Bizim komandirimiz həmişə bizə “Ölmək qadağandır!” deyirdi. Təbii ki, ölüm qorxusu hamıda var, kim desə “yoxdur”, yalan olar. Mən adamların müharibədə ölümdən necə qorxduğunu görmüşəm. 

- 2 ay öncə Xankəndiyə səfərə getdiniz. İllər sonra doğma şəhərinizlə görüş hansı təsiri buraxdı? Bildiyimə görə, Xankəndidənsiniz.

- Şuşanın Malıbəyli kəndində doğulmuşam. Beşinci sinifdə oxuyanda Xankəndi şəhərinə köçdük, atam orada zavodda işləyirdi, ev vermişdilər. 1988-ci ilə qədər orada yaşamışıq. Mənim üçün Xankəndinin ayrı bir yeri var. Ora yadımda yeni, işıqlı, səliqəli şəhər kimi qalmışdı. Qayıdanda isə onu sanki köhnəlmiş kimi gördüm. Xəyalımdakı Xankəndi deyildi, qocalmışdı sanki. 1988-ci ildə Qarabağ hadisələri başlayandan sonra şəhəri tərk edib, yenidən Malıbəyliyə qayıtdıq. Çünki ermənilər Xankəndidə evlərə soxulur, azərbaycanlılara hücum edirdilər. Yadıma gəlir, atam evimizin giriş qapısının arxasına elektrik cərəyanı çəkmişdi ki, ermənilər evə soxulmaq istəyəndə, onları cərəyan vursun. Qorxulu günlər idi, uşaq idik. Hadisələr yeni başlayanda arada Xankəndiyə evə baş çəkmək üçün gedirdik. Ermənilər evimizə soxulub talamışdılar, yadıma gəlir ki, yastıqların üzünü bıçaqla xaç şəklində kəsmişdilər. 

- Söhbətimiz Xocalı soyqırımının anım günlərinə təsadüf edir. Xocalı faciəsi ilə bağlı yazı hazırlamaq üçün necə Xocalı sakini ilə əlaqə saxladımsa, dedilər danışa bilmirik, acıdır, asan deyil. Bu mənada da sizin taleyinizə də o ağır günləri yaşamaq düşüb və yəqin acı xatirələriniz var.

- Hadisələr başlayanda 14 yaşım var idi, çox şeyi dərk etmirdik. Ermənilər meydanlara çıxıb “Miatsum-Miatsum” qışqırırdılar. Proses yavaş-yavaş başladı. Münaqişə aktiv fazaya keçəndə qorxulu vəziyyət yaranmışdı. Xocalı qətliamı bizim Malıbəyli və Quşçular kəndində də yaşana bilərdi. Ermənilər Xocalıdan əvvəl soyqırımını bu iki kənddə törətməyi planlaşdırmışdılar. Sadəcə, kəndin böyüklərinin qurduğu plan nəticəsində bu qan sovuşdu. Ərazini yaxşı tanımaları, yaranmış vəziyyətdən düzgün baş çıxarmaları, özünümüdafiə dəstələrinin camaatı kənddən çıxarmaq üçün düzgün marşrut seçməsi faciənin qarşısını aldı. Kənddə bir təcili tibbi yardım maşını var idi. Onun rabitə cihazı (“ratsiya” cihazı) ilə Şuşa və Xocalı ilə əlaqə saxlayırdıq. Dalğalar qarışır, ermənilərlə bizimkilər bir-birlərini dinləyə bilirdilər. Bizimkilər həmin gün qəsdən ratsiya ilə “Kəndi tərk etmişik, Xocalı istiqamətinə gedirik” demişdilər. Ermənilər də Xocalı yolunda pusqu qurmuşdular, ağıllarına gəlməmişdi ki, Ağdamın Abdal Gülablı kəndinə gedə bilərik. Fevral ayının 11-də, qarlı bir gündə dağ yolları ilə piyada uşaqlar, qadınlar, yaşlılar Malıbəylidən, Quşçulardan Ağdama gedirdi. Ağdama gedən yollar da erməni kəndlərinin yaxınlığından keçirdi. Ermənilərin yol boyu bir neçə yerdə postları vardı. Bu iki kəndin sakinləri həmin postları dağıda-dağıda, döyüşə-döyüşə Ağdama gedib çıxa bildi. Təxminən 20-25 kilometr yol... Səhər saat 10-da çıxıb gecə 10-da Ağdama çatmışdıq. Xocalıda isə daha dəhşətli hadisələr oldu. 32 il keçsə də, yaralar sağalmayıb. O yaranın sağalmasını gözləmək, istəmək də lazım deyil. Yaşananlar, başımıza gətirilənlər unudulmamalıdır. 

- Yubiley gününüzdə ağır xatirələri yad etdik. Ona görə mövzunu dəyişmək istəyirəm. Deyirlər hər igidin bir dövranı var. İnternetin həyatımıza gəlişi ilə qəzetlər, hətta telekanallar öz aktuallıqlarını  demək olar ki, itirdilər. Elektron media öz yüksəliş dövrünü yaşadı. Bu gün sosial şəbəkələr, ayrı-ayrı şəxslərin yaratdıqları  səhifələr, blogerlər televiziyaları da, rəsmi medianı kölgə altına almaqdadır. Necə deyərlər, at izi it izinə qarışıb. Bu mənada media sosial şəbəkələrə uduzacaq? Biz lazımlı olacağıq? 

- Vəziyyət, əslində, çox qarışıqdır. Konkret nəsə demək, proqnoz vermək olmur. 10 il əvvəl vəziyyətin indiki kimi olacağını düşünə bilməzdik. Sosial şəbəkələri küçəyə bənzədərdim. Virtual küçədir və bu küçədə xaosdur. Küçədə özünü mədəni apardığın kimi, sosial şəbəkədə də o cür aparmalısan. Təəssüf ki indi sosial mediada normal münasibətlər sistemi qurulmur. Hər kəsin şəxsi həyatı ortadadır. Hamı sanki paylaşım edən o adamın evinin içindədir, onun ailə üzvüdür. Sosial şəbəkədə şəxsi həyatını paylaşıb, hamını öz həyatına şərik eləməyin əleyhinəyəm. Ən təhlükəlisi budur ki, sosial şəbəkələr fikir formalaşdırmağa başlayıb. Sosial şəbəkənin yaydığı informasiya müəyyən kütləyə çatıbsa, sən o yanlışı düzəltməyə çalışsan da, alınmır. İnsanlar aldıqları ilk informasiyaya inanmağa davam edirlər. Hər kəs informasiyanı eyni şəkildə qəbul eləmir, yalanı-doğrunu araşdırmır, sanki hər şeyə inanır. Milli maraqlarımız, dövlət adına təhlükə sayılacaq məsələlərdə ehtiyatlı olmaq lazımdır. Mətbuat da sosial şəbəkələrin təsirinə düşür. Sosial şəbəkə informasiya mənbəyi rolu oynaya bilər, o informasiyadan istifadə edə bilərsən, amma aldığın məlumatı dəqiqləşdirmək artıq media nümayəndəsi olaraq sənin vəzifəndir. Hesab edirəm ki, peşəkar mediaya ehtiyac həmişə olacaq.

- Hərdən eşidirik, NASA yadplanetlilərlə bağlı informasiyaları gizlədir. Böyük güclərin bildikləri qlobal səviyyəli sirlər hərdən bir mediaya sızır. Qısası, dünya hökumətlərinin cəmiyyətdən çox şeyi gizlətdiklərinə dair nəzəriyyələr var.  Sizcə cəmiyyət hər həqiqəti bilməlidir? 

- Məncə, yox. Cəmiyyətin ala biləcəyi xəbərlərin müəyyən həddi var. Bəzi həqiqətlər xaosa və digər reaksiyalara səbəb ola bilər. Cəmiyyəti idarə eləmək olmaz. 

- Jurnalist olmasanız hansı peşəni seçərdiniz?

-  Əslində, jurnalist olmağı nə özüm, nə də ailəm arzulayıb. Həkim olmaq istəyirdim. Tibb Universitetinə hazırlaşırdım. Sonra birdən-birə qərarımı dəyişdim.

- Peşmansınız?

- Peşman deyiləm. Amma bəlkə də həkim olsaydım, daha uğurlu olardım.

- Uzun illərdir, APA-nın Baş redaktorusunuz. Sizcə, rəhbər hörməti özü qazanmalıdır, yoxsa ona hörmət qoyulmalıdır?

- Rəhbər olsam da, mən də jurnalistəm, xəbərlər yazıram, redaktələr edirəm. Hörmət vəzifəyə görə yox, şəxsi keyfiyyətlərə görə qoyulur. Elə jurnalistlər var, hansısa rəhbər işçidən, vəzifəli adamdan qat-qat hörmətlidir.

- Əməkdaşları dəyərləndirərkən peşəkarlığına, yoxsa xarakterinə önəm verirsiniz?

- İş prosesində əlbəttə peşəkarlıq önəmlidir. Xarakteri gözəldir, amma işini görmürsə, işləmək mümkün olmaz. O vaxt hər şey əla olur ki, peşəkarlığı ilə, yüksək şəxsi keyfiyyətləri üst-üstə düşsün. Bunlardan biri çatışmayanda problem özünü göstərir. İş münasibətlərində səmimi mühit, səmimi kollektiv önəmlidir. Amma o səmimiyyətdən sui-istifadə edilməməlidir. Kimsə buna cəhd edəndə, işdə axsamalar yaradanda, düşünürəm ki, o səmimiyyətə ehtiyac yoxdur. 

- İmkan olsa, ömrün 50-ci ilində 20 yaşlı Nurşənə nə deyərdiniz?

- 50 ömrün yarısıdır deyirlər, amma bəlkə də ömrün çoxu gedib azı qalıb, onu heç kim bilmir. Özümü o yaşda, o əhvalda hiss etmirəm. Hətta bir az qorxdum da, mənə inandırıcı gəlmir. Dostlar deyirlər, “50 yaş vermək olmur, gənc görünürsən”. Heç özüm də özümə o yaşı vermirəm. Elə bilirəm, hələ 25-30 yaşdayam. Təəssüf ki, nəyisə geri qaytarmaq mümkün deyil. Amma imkan olsaydı, həyatımı başqa cür qurardım. Bəlkə o başqa həyat heç yaxşı olmayacaqdı, onu da bilmirəm, bəlkə elə belə yaxşı imiş... İndi 20 yaşımdakı düşüncələrimdə deyiləm, hər şey kimi fikirlər də dəyişib. 

- Qorxdum dediniz. Yaşdan, yaşlanmaqdan qorxursunuz?

- Qorxsan da, qorxmasan da yaşlanırsan. Belə bir söz var: Su səni aparırsa, ona sel deməkdən çəkinməməlisən. Odur ki, yaşlanmağınla da, qocalmağınla da razılaşmalısan... 

- Sizi Lent.az kollektivi adından yubileyiniz münasibətilə təbrik edir, uzun, sağlam ömür və bütün işlərinizdə uğurlar arzu edirik.

- Təşəkkür edirəm.
 

Foto - Rüfət Mustafayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7323
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar