“Binbir gece” serialı ilə tanınan və 2009-cu ildən bəri xoşbəxt evlilikləri ilə gündəmdə olan Halit Ergenç - Bergüzar Korel cütlüyü hər zaman nümunəvi münasibətləri ilə diqqət çəkir.
Lent.az Türkiyə mediaya istinadla xəbər verir ki, məşhur aktyor Halit Ergenç, qonaq olduğu proqramda həyat yoldaşı Bergüzar Korelə etdiyi evlilik təklifinin detalları haqqında ilk dəfə danışıb.
Ergenç, tanışlıqlarının təsadüfi baş tutduğunu bildirib:
“İlk dəfə 2006-cı ildə Beyoğlunda “Anatolya” adlı yerdə rastlaşdıq. Üst mərtəbədə arxa-arxaya oturmuşduq, mən keşkeç yeyirdim. Sonra söhbət etməyə başladıq. Hələ də bu günü “keşkeçli tanışlıq” kimi xatırlayıb zarafat edirik”.
Aktyor romantik evlilik təklifini isə belə xatırlayıb:
“Birlikdə tətildə idik. Çox sevdiyimiz bir mahnını gizlicə dostumla yenidən yazdırdım. O gecə xüsusi masa ayırtdım və mahnını açdım. Bergüzar təəccübləndi, sonra evlilik təklifi etdim. Çox duyğulu və unudulmaz an idi”.
Ergenç, ən böyük romantik jestin evliliyin özü olduğunu vurğulayıb:
“Bergüzarın mənə etdiyi ən romantik şey mənimlə evlənmək idi. Bəzən böyük jestlərə ehtiyac olmur, əsas olan səmimiyyətdir”.
Cütlük, illərdir davam edən harmoniyaları və səmimiyyətləri ilə həm sənət dünyasında, həm də izləyicilər arasında sevgi və hörmət qazanmağa davam edir.