Sağlamlıq riskləri fonunda  qərar: hansı siqaretlərin satışı qadağan edilir?
16 dekabr 2025 19:38 (UTC +04:00)

Sağlamlıq riskləri fonunda qərar: hansı siqaretlərin satışı qadağan edilir?

0

Son günlər media və sosial mediada elektron siqaretlərin idxalı, istehsalı, satışı və istifadəsinin qadağan edilməsi ilə bağlı qanun layihəsi barədə müzakirələr artıb. Lakin qanuna ediləcək dəyişikliklər barədə məlumatlar bəzi hallarda təhrif olunur.

Lent.az bildirir ki, “APA-Economics”in xəbərinə görə, layihənin əsas məqsədi elektron siqaretlərin dövriyyəsinin qadağan olunması və bu sahədə hüquqi tənzimləmənin dəqiqləşdirilməsidir.

Qanunda iki anlayış- ekektron siqaret və qızdırılan tütün məmulatı

Qanun layihəsi çərçivəsində “Tütün və tütün məmulatı haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda “tütün məmulatı” anlayışı dəqiqləşdirilir.

Dəyişikliklərə əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Bununla yanaşı, qanunvericiliyə “elektron siqaret” və “qızdırılan tütün məmulatı” anlayışları ayrıca termin kimi əlavə olunur.

Bu yanaşma hüquqi baxımdan mühüm fərqləndirmə yaradır. Belə ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı kimi təsnif edilərək dövriyyələri qadağan edilir, qızdırılan tütün məmulatları isə qadağa predmetinə daxil edilmir. Anlayışların dəqiqləşdirilməsi tütün məmulatlarının, o cümlədən elektron siqaretlərin və tütün qızdırıcılarının hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə imkan yaradır.

Elektron siqaret nədir?

Elektron siqaret siqaretin alternativi olaraq istifadə edilən elektron cihazdır. Bu cihaz vasitəsilə tütün yanğısı yaratmadan nikotin qəbulu təmin edilir. Likvid isitmə elementi vasitəsilə qızdırılır və buxara çevrilir. İstifadəçi bu buxarı çəkir və nikotini ağciyərlərinə çatdırır.

Qızdırılan tütün məmulatı nədir?

Bu, tütünü yandırmadan, sadəcə yüksək temperatura qədər qızdıraraq istifadə olunan tütün məhsuludur. Başqa sözlə, burada tütün yanmır, amma isinir və istifadəçi bunu çəkərək nikotin qəbul edir.
Qızdırılan tütün məmulatının elektron siqaretdən fərqi odur ki, elektron siqaret likvidi buxara çevirir, tütün istifadə olunmur. Qızdırılan tütün məlumatında isə həqiqi tütün parçaları istifadə olunur, sadəcə yanmır.

Elektron siqaretlər niyə qadağan edilir?

Elektron siqaretlərin qadağan edilməsinin əsas səbəbi onların insan sağlamlığına mənfi təsirləri ilə bağlı elmi və statistik məlumatlardır. Digər səbəb isə bu tip siqaretə yeniyetmələrin meyilli olmasıdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada 100 milyondan çox insan elektron siqaretdən istifadə edir və onların azı 15 milyonu 13–15 yaş aralığında olan yeniyetmələrdir. Mövcud göstəricilər yeniyetmələr arasında elektron siqaret istifadəsinin yetkinlərlə müqayisədə təxminən 9 dəfə yüksək olduğunu göstərir.

Elektron siqaretlər əsasən, nikotin, propilen qlikol və ya qliserol, bitki qliserini və müxtəlif dadlandırıcılardan ibarətdir. Nikotin yüksək dərəcədə asılılıq yaradan maddə olmaqla yanaşı, ürək-damar sistemi, ağciyərlər, böyrəklər və reproduktiv sistem üçün mənfi təsirlərə malikdir. Elektron siqaretlərdə istifadə olunan bəzi maddələrin inhalyasiya yolu ilə qəbulunun riskləri isə hələ də kifayət qədər öyrənilməyib.

Elmi tədqiqatlar göstərir ki, elektron siqaretlərin aerozollarında formaldehid, aldehidlər, uçucu üzvi birləşmələr, metallar və digər potensial zərərli maddələr aşkar edilir. Ayrı-ayrı araşdırmalarda elektron siqaretlərdə istifadə olunan dadlandırıcı maddələrin yüksək temperaturda kimyəvi dəyişikliklərə məruz qalaraq sağlamlıq üçün təhlükəli birləşmələr əmələ gətirdiyi müəyyən olunub. Bu maddələrin tənəffüs yolları üçün risk yaratdığı, xroniki bronxit, astma və digər ağciyər xəstəlikləri ilə əlaqələndirildiyi vurğulanır.

2020-ci ildə ABŞ-da elektron siqaret istifadəsi ilə bağlı ağciyər zədələnməsi halları qeydə alınıb və minlərlə insanın xəstəxanaya yerləşdirildiyi bildirilib. Bu faktlar elektron siqaretlərin “zərərsiz alternativ” kimi təqdim olunmasının elmi əsaslara söykənmədiyini göstərir.

Beynəlxalq təcrübə də elektron siqaretlərlə bağlı sərt yanaşmaların mövcud olduğunu göstərir. Bir sıra ölkələrdə elektron siqaretlərin istifadəsi ya tam qadağan edilib, ya da ciddi məhdudiyyətlər tətbiq olunur. ÜST isə ölkələri xüsusilə yeniyetmələr arasında elektron siqaret və digər nikotin məhsullarının yayılmasına qarşı təsirli tənzimləyici tədbirlər görməyə çağırır.

Azərbaycanda hazırlanan qanun layihəsi də məhz bu yanaşmaya əsaslanır. Layihəyə uyğun olaraq, Vergi Məcəlləsində və “Reklam haqqında” qanunda dəyişikliklər edilir, “birdəfəlik istifadə üçün elektron siqaret” və “elektron siqaretlər üçün maye” aksizli mallar siyahısından çıxarılır və reklamla bağlı qadağalar yeni anlayışlara uyğunlaşdırılır.

Lakin bu dəyişikliklər tütün qızdırıcılarına şamil edilmir və hüquqi baxımdan elektron siqaretlərlə qızdırılan tütün məmulatları arasında aydın fərq qoyulur.

Qərarın əsas məqsədi isə elektron siqaretlərin insan sağlamlığına mənfi təsirlərinin qarşısının alınmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar