Bakıda ünvanlar yeni qayda ilə verilir
10 aprel 2013 13:43 (UTC +04:00)

Bakıda ünvanlar yeni qayda ilə verilir

 

Bakının və respublikamızın digər şəhərlərinin küçə və prospektlərində binalara Avropa standartlarına uyğun və yeni qaydalarla ünvanların verilməsi və müasir dizaynlı lövhələrin vurulması işlərinə başlanıb.

 

Əmlak Məsələləri Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, bu istiqamətdə Azərbaycan Respublikası Prezidenti 10 fevral 2012-ci il tarixdə "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Fərmanla müvafiq tapşırıqlar verilib.

 

Fərmanın icrası məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu il yanvarın 1-dən etibarən ölkənin şəhər və rayonları üzrə daşınmaz əmlak obyektlərinə ünvanların yeni qaydalar əsasında verilməsi işləri həyata keçirilir. Yeni qaydalara əsasən ünvanların verilməsi işlərinə başlanmazdan öncə Azərbaycanda milli ünvan reyestrinin informasiya sistemi hazırlanıb. Bu sistem ölkə üzrə ünvan məlumatlarının vahidliyi, etibarlılığı və çevikliyini təmin edən vahid məlumat bazasına malik olacaq. Sistem həm də milli məkan məlumatları ilə, yəni daşınmaz əmlakların coğrafi məlumatları və dəqiq koordinatları ilə bağlanmaqla fəaliyyət göstərəcək. Bununla əlaqədar ölkədə mövcud olan ünvan məlumatlarının vəziyyəti və problemlər hərtərəfli təhlil edilmiş, beynəlxalq layihə çərçivəsində xarici ölkələrin qabaqcıl ünvan təcrübələri öyrənilib. Əmlak Məsələləri Dövlət Komitəsi və Norveçin Xəritəçəkmə Təşkilatı arasında imzalanmış “Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması” Layihəsinin həyata keçirilməsi üzrə Qrant Sazişi”nə uyğun olaraq, Norveçdə və Danimarkadan olan beynəlxalq məsləhətçilər beynəlxalq və Avropa ünvanvermə təcrübəsi əsasında Azərbaycan üçün təkliflər və texniki spesifikasiyalar hazırlanıb. Yeni qaydalara uyğun ünvanların verilməsi işlərinin icrasının təmin olunması məqsədi ilə CənubiKoreyanın “SK C&C” Co LTD şirkəti tərəfindən Azərbaycan Ünvan Reyestrinin İnformasiya Sistemi yaradılıb.

 

Paralel olaraq yeni qaydalar əsasında verilmiş ünvanların bina və girişlərdə asılması üçün ünvan lövhələrinin dizaynı və istehsalı məqsədilə Cənubi Koreyanın müvafiq şirkəti ilə müqavilə bağlanmışdır. Mart ayının sonundan etibarən istehsal olunmuş ünvan lövhələrinin Bakıya gətirilməsi təmin olunur. 2013-cü ilin aprel ayından Bakı şəhərində mövcud olan küçə, prospekt, xiyaban, meydan və digər nəqliyyat infrastrukturu obyektləri üzrə yeni qaydalar əsasında verilmiş ünvanlara uyğun olaraq hazırlanmış ünvan lövhələrinin quraşdırılması işlərinin icrasına başlanılıb. Bakı şəhəri üzrə 2500-dən çox küçə və prospektləri  əhatə etməklə binalara və girişlərə yeni qaydalarla ünvan lövhələrinin vurulması ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bu işlərin icrası 2013-cü il ərzində Respublikanın digər şəhər və rayonlarını da əhatə edəcək. Bakı şəhərində mövcud küçə və prospektlər üzrə yeni qaydalar əsasında hazırlanmış ünvan lövhələrinin quraşdırılması işləri mərhələlərlə başa çatdıqdan sonra mütəmadi olaraq vətəndaşlara, dövlət təşkilatlarına, hüquqi şəxslərə, həmin ərazidə yaşayan sakinlərə yeni ünvanları barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq qaydada ətraflı məlumatlar veriləcək.

Yeni və dəqiq ünvanların verilməsi, vahid ünvan reyestrinin aparılması, küçə və prospektlərdə binalara müasir dizaynlı lövhələrin vurulması dövlət tərəfindən həyata keçirilən sosial əhəmiyyətli layihədir. Bu layihənin nəticələri vətəndaşlara, dövlət qurumlarına, bələdiyyələrə və təşkilatlara imkan verəcək ki, ünvana ünvan məlumatlarına çevik, vahid və etibarlı çıxış əldə etsin, internet əsaslı elektron xidmətlərdən istifadə edə bilsin. Həm də şəhərlərdə ünvanların tapılması, sosial və idarəetmə məsələlərinin həlli zamanı vaxt itkisi ilə qarşılaşmasınlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1884
avatar

Oxşar yazılar