Aprelin 21-dən Bakı Uşaq Teatrı “Həyatla oyun” tamaşası ilə qastrol səfərindədir. Teatrdan Lent.az-a verilən məlumata görə, teatr Bərdə, Mingəçevir, Ağcabədi və Tərtər rayonlarında çıxış edib.
Arzu Soltanın qələmə aldığı “Həyatla oyun” əsərinə İntiqam Soltan quruluş verib. Yeniyetmələr və böyüklər üçün nəzərdə tutulan tamaşanın müddəti 1 saat 15 dəqiqədir. Tamaşa universitet tələbəsi olan narkotik aludəçisi Dumandan bəhs edir. Atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün dostu Dumanın məsləhəti ilə narkotikdən istifadəyə başlayır. Getdikcə onun vəziyyəti ağırlaşır. Oğlunun narkoman olduğunu öyrənən ana infarkt keçirir. Universitetdə təlimçi tərəfindən Narkomaniya və QİÇS haqqında maarifləndirilən tələbələr QİÇS-dən analiz verməyi qərara alırlar. Analizin cavabları alındıqdan sonra Nicatın QİÇS-ə yoluxduğu məlum olur. Bütün bu hadisələrin mərkəzində dayanan Dumanın narkoman olmasına səbəb isə uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda maarifləndirilməməsidir. Valideynlərinin yanlış münasibəti isə Dumanın pis yola düşməsinə təkan verir.
Qeyd edək ki, qastrol Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə sifarişi ilə həyata keçirilir.