Bakı Təhsil İdarəsi: Müəllimləri təxribata çəkirlər
20 may 2013 11:08 (UTC +04:00)

Bakı Təhsil İdarəsi: Müəllimləri təxribata çəkirlər

“Bakı Şəhər Təhsil İdarəsi tabeliyində olan bütün orta məktəblərə nəzarət edir. Bizdən asılı olmayan səbəblərdən hər hansı bir xoşagəlməz hadisə baş verərsə, buna görə biz məsuliyyət daşımırıq”.

Bunu Lent.az-a açıqlamasında İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib. Sektor müdiri onu da qeyd edib ki, hər bir təhsil müəssisənin rəhbəri-məktəb direktoru öz üzərinə düşən funksiyanı yerinə yetirməlidir. “Məktəb direktorları öz vəzifələrini dərk etməlidir. Bundan başqa, şagirdlərin də öz hüquq və vəzifələri var. Onlar hüquqlarını tələb etməklə yanaşı, üzərlərinə düşən vəzifələri də yerinə yetirməlidirlər”-deyə, Z. Əliqızı əlavə edib.

 

İdarə sözçüsü orta məktəblərdə müəllim-şagird münasibətlərinə də aydınlıq gətirib: “Təhsil naziri Mikayıl Cabbarov mətbuata açıqlamasında bildirmişdi ki, müəllimin cəmiyyətdə olan nüfuzunu artırmaq lazımdır. Müəllimi də müdafiə etmək üçün addımlar atılmalıdır. Çünki onların da qanunla hüquqları müəyyənləşib”.

Z. Əliqızı təəssüflə qeyd edib ki, bəzən müəllimlərin təxribata çəkilmə hallarına da rast gəlinir.

 

“Məktəbli geyimlərin də İdarə tərəfindən ciddi nəzarət olunur. Məktəbli forması təhsil müəssislərində icbaridir. Bakı Təhsil İdarəsi 2013-2014-cü tədris ilində də bu məsələyə ciddi nəzarət edəcək”-deyə, sektor müdiri əlavə edib.

 

Z. Əliqızı Təhsil İdarəsinə edilən şikayət və müraciətlərə də aydınlıq gətirib: “Daha çox müraciətlər məlumat əldə etməklə bağlıdır. Təbii ki, şikayət xarakterli müraciətlər də araşdırılır. İstənilən şəxs İdarənin qaynar xəttinə (012-4410699) müraciət edə bilər”.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin Aparat rəhbəri mətbuata açıqlamasında bildirmişdi ki, bütün orta məktəblərə nəzarət tədbirləri gücləndiriləcək.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1464

Oxşar yazılar