Bakı Dövlət Universitetində gənc alim və tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsi, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi məqsədi ilə universitetin Gənc Alimlər Şurası yaradılıb Elmi Şuranın qərarı ilə onun əsasnaməsi qəbul edilib. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şura öz məqsədinə nail olmaq üçün gənc alim və tədqiqatçıların elmi tədqiqat işlərinin təşkili sahəsində BDU-nun ayrı-ayrı fakültə və elmi qurumlarının fəaliyyətini koordinasiya edir, gənc alim və tədqiqatçıların iştirakına imkan verən elmi konfranslar, seminarlar, forumlar, sərgilər və digər tədbirlər təşkil edir. 19 nəfərdən ibarət Gənc Alimlər Şurasının sədri fizika fakültəsinin, Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyevadır.
Qeyd edək ki, BDU-da 35 yaşınadək alimlik dərəcəsi almış 62 gənc alim çalışır, 400-dən çox gənc doktorant və 1500 magistrant elmi tədqiqat işi aparır.