Bakının Səbail rayonunda, Badamdar qəsəbəsində yeni idman kompleksinin inşasına başlanılıb. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, kompleks ölkə başçısının tapşırıqlarına uyğun olaraq inşa edilir.
Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya Təminatı və Təhlil sektorunun müdiri İsrafil Kərimov bildirib ki, sifariş əsasında layihə sənədləri hazırlanıb. 2400 kvadrat metr sahəsi olan müasir dizaynlı iki mərtəbəli, zirzəmili İdman Kompleksi üçün Badamdar qəsəbəsində yer ayrılaraq burada inşaat işlərinə və bura kommunikasiya xətlərinin çəkilişinə başlanıb: “ Kompleksin tikintisində yerli və xarici inşaat materiallarından istifadə olunacaq. İdman Kompleksində böyük məşq zalları ilə yanaşı, soyunub-geyinmə otaqları, duşxanalar, sauna, baseyn, istirahət və yardımçı otaqlar, yeməkxana, mətbəx, geniş foye nəzərdə tutulub. Kompleksin daxilində müvafiq tərtibat işləri görüləcək. Kompleksin ətraf ərazisində yaşıllıqlar salınacaq və abadlıq işləri aparılacaq. Həyətdə avtomobillərin saxlanması üçün yerlər nəzərdə tutulub”.