Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında saxlanılan üç siyasi məhbus aclıq aksiyasına başlayıb. APA-nın məlumatına görə, piket artıq 19 gündür aclıq aksiyası keçirən Yeni GAMOH təşkilatının üzvlərinə - doktor Lətif Həsəni, Yuruş (Ayət) Mehrəlibəyli, Mahmud Fəzli, Savalan (Səccad) Radmehr və Behbud Quluzadəyə dəstək məqsədi daşıyır. Belə ki, Şahrux Zəmani, Xalid Hərdani və Saleh Kohəndel azərbaycanlı fəalların barəsində çıxarılmış həbs cəzasının qanunsuz olduğunu bildirərək cəzanın ləğv edilməsini istəyirlər.
Bu arada Ş. Radmehr və M. Fəzli sağlıq durumları pisləşdiyi üçün Rəcayişəhr həbsxanasının xəstəxanasına köçürülüblər. Zindanın rəisi isə aclıq aksiyasını dayandırmaları üçün azərbaycanlı fəalları təhdid edib. Ancaq Yeni GAMOH üzvləri tələbləri yerinə yetirilməyənədək aclıq aksiyasını davam etdirəcəklərini bir daha bəyan ediblər. Bundan başqa, həbsxanada yer olmadığına görə azərbaycanlı fəalların yerdə yatmağa məcbur olduqları bildirilir.
Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. L. Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvləridirlər. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Azərbaycanlı fəallar isə barələrində çıxarılmış hökmü ədalətsiz hesab edərək aclıq aksiyası keçirirlər. Ancaq onların tələbləri yerinə yetirilməyib, əvəzində iyulun 20-də yerləri dəyişdirilib.