Azərbaycanın yollarındakı sürüşmə və uçqun sahələrində aktivlik artıb. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib. Onun sözlərinə görə, aktivlik daha çox respublikanın dağlıq ərazilərindən keçən yollarında müşahidə olunur. Əsas aktivlik Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyindədir: “Bu ərazi həmin regionda ən böyük sürüşmə sahəsi hesab olunur. Burada həm sürüşmə, həm uçqun sahələri aktivləşib”.
Respublikanın digər yollarında qismən aktivlik müşahidə olunur: “Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində, Ağsu aşırımında, Quba-Xınalıq, Quba-Qonaqkənd yollarında qismən aktivlik var. Qərb rayonlarında yollarda vəziyyət normaldır. Gədəbəydə də sürüşmə sahələri var, amma hələlik bu sahələrdə aktivlik müşahidə edilməyib”.