Azərbaycanın dini liderləri Yeni Zellandiyadakı terror aktını pislədi
16 mart 2019 13:53 (UTC +04:00)

Azərbaycanın dini liderləri Yeni Zellandiyadakı terror aktını pislədi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev Yeni Zelandiyada məsciddə törədilən terror aktı ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər.
 
QMİ-dən ONA-ya bildirilib ki, müraciətdə müsəlmanlara qarşı reallaşdırılan qətllərin dini mənsubiyyətə görə həyata keçirilməsini islamofobiyanın bariz nümunəsi kimi qiymətləndirilib: “Belə faşist mahiyyətli əməllərin qətiyyən yolverilməz olduğunu bəyan edirik. Hansı məqsəd və niyyət, hədəf və məramla həyata keçirilməsindən asılı olmayaraq insanların milli, dini, irqi mənsubiyyətə görə məhv edilməsi ksenofobiya təzahürü olmaqla insanlıq adına ləkə, mənəvi böhrandır. Bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayırıq.
 
Biz dünya ictimaiyyətini belə barbarlıq hallarına, islamofobiya, dini ayrıseçkiliyin müdhiş nümunəsinə sərt və birmənalı münasibət bildirməyə çağırırıq. Müsəlmanlar üçün müqəddəs olan Cümə gününü qara cüməyə çevirmək, Yaradana ibadət edən dinc insanları qətl etməyi qəhrəmanlıq kimi zənn edən islamofob bir düşüncə sahibinin iyrənc hərəkətləri insanlıq adına həqarətdir. Terrorun dini, terrorçunun dini mənsubiyyəti olmur. Lakin xəstə, zəhərlənmiş təfəkkürlə törədilmiş bu hadisə bütün bəşəri bu reallıq barədə bir daha, daha dərindən düşünməyə və daha effektiv addımlar atmağa vadar edir.
 
Yeni Zelandiyada baş verən bu amansız terror aktı əslində bütün dinlərə, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətdir.
 
Azərbaycan dövləti təkcə İslam dünyası daxilində deyil, bütün səmavi dinlər arasında dostluq və qardaşlığın vacibliyini təlqin edir".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668
avatar

Oxşar yazılar