Milli Məclisin sabah növbədənkənar yaz sessiyası çərçivəsində keçiriləcək ilk iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi müzakirəyə çıxarılacaq.
Lent.az-ın verdiyi məlumata görə, dəyişikliklər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılma ilə bağlıdır.
Bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilir. Azərbaycandan kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkəyə gəlmə hüququ 1 ildən 5 ilədək müddətə məhdudlaşdırılır. Qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilən şəxslər, habelə insan alverinin qurbanı olan uşaqlar barəsində, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmir.
İnsan alverindən zərər çəkmiş hesab olunan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində 1 il müddətində, cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində isə cinayət təqibi başa çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıldıqda, onun ölkədən kənara inzibati qaydada çıxarılması məhdudlaşdırmaya səbəb olan hallar aradan qalxdıqdan sonra icra edilir. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma inzibati tənbeh tədbirinin tətbiqindən irəli gələn digər məsələlər bu Məcəllədə nəzərdə tutulan müddəalara zidd olmamaq şərti ilə Miqrasiya Məcəlləsinə uyğun olaraq həll edilir.