Geologiya İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sıxılma zonalarında deformasiyanın maksimum sürəti Xıdırlı və Şıxlar məntəqələri arasındakı ərazidə müşahidə edilir. Bu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun apardığı kosmik geodeziya tədqiqatları əsasında məlum olub. Tədqiqatlara Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Qədirov rəhbərlik edir.
Şöbənin böyük elmi işçisi Rafiq Səfərov institutda təşkil olunmuş ümumrespublika seminarında mövzuya dair məruzə ilə çıxış edib. O bildirib ki, Geologiya İnstitutu 1998-ci ildən indiyə qədər aparmış olduğu tədqiqatlar əsasında Azərbaycan ərazisinin geodinamik şəraitini əks etdirən deformasiya sürəti xəritəsini tərtib edib. Xəritə GPS (qlobal yertəyinetmə sistemi) texnologiyası ilə təyin olunan sürət vektorları əsasında hazırlanıb və təhlükəli geoloji proseslərin öyrənilməsi üçün əhəmiyyət daşıyır.
Qeyd olunan zonalardakı sıxılma xəritədə oxlarla təsvir olunur. Ölkənin cənubunda oxların kəskin şəkildə şimal-şərq istiqaməti aldığı aydın görünür. Deformasiya sahəsində sıxılma zonaları ilə yanaşı gərilmə və deformasiyanın praktiki olaraq müşahidə olunmadığı və ya çox zəif olduğu ərazilər də özünü büruzə verib. Zəif deformasiya zonalarına Xəzəryanı-Quba rayonu və Qobustanın şimalı aiddir.
Qeyd edək ki, Geologiya İnstitutunun alimləri peyk vasitəsi ilə yerin dərinliklərində baş verən deformasiya proseslərini və onların törətdiyi geoloji hadisələri izləyir. Bu, 1998-ci ildə ABŞ-ın Massaçusets Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində qurulmuş GPS şəbəkəsi sayəsində mümkün olub. Şəbəkədə hazırda 36 GPS məntəqəsi və davamlı qaydada ölçü aparan 3 stansiya mövcuddur. Stansiyalar Bakı, Şəki və Neftçalada yerləşir. GPS ilə aparılan tədqiqatlar yalnız Azərbaycanı deyil, qonşu əraziləri də əhatə edir. Tədqiqatlardan məqsəd təbiət hadisələrinin təhlükələrinin qiymətləndirilməsidir.