Azərbaycanda xroniki böyrək xəstələrinin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, orta statistik rəqəmlərə əsasən dünya əhalisinin hər bir milyon nəfərinə 650-900 nəfər, Azərbaycanda isə 350-400 nəfər xroniki böyrək xəstəsi düşür.
Son illərdə regionlarda açılan yeni Dializ şöbələri şəhər və rayon əhalisinin dövlət hesabına dializ müalicəsi almağa imkan yaradıb. Əgər 2006-cı ildə ölkədə 601 xəstə proqram hemodializlə təmin olunubsa, bu gün 2 min 150 xəstə Bakı şəhəri və regionlarda hemodializ müalicəsi qəbul edir. Ölkə üzrə 27 mərkəzdə 380 dializ aparatı xəstələrə xidmət göstərir. Son aylarda Azərbaycanda yeni 4 hemodializ mərkəzi - Gəncə, Salyan, Kürdəmir, İmişli rayonlarında istifadəyə verilib. İlin sonuna qədər Xaçmaz, Sumqayıt və Yevlaxda dializ mərkəzinin açılışı gözlənilir. Ölkədə böyrək transplantasiyası yenidən bərpa olunub və dövlət hesabına həyata keçirilir.