Əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatına başlanıldı
Azərbaycanda MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, bu məqsədlə keçirilən xüsusi təqdimat mərasimində DSMF sədri Səlim Müslümov deyib ki, müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatı ölkə prezidenti İlham Əliyevin “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda əksini tapmış mühüm vəzifələrdəndir.
Pensiya təyinatının avtomatlaşdırılması kimi mühüm prosesə başlanılması sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin məntiqi nəticəsidir. Bu sıraya pensiya qanunvericiliyinə edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı alqoritminin tam sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotu, sığorta-pensiya sistemində Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastrukturun qurulması, DSMF-nin serverlərində unikal elektron məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir. Ötən dövr ərzində DSMF-nın www.dsmf.gov.az ünvanlı internet səhifəsində təkmil müştəri xidmətləri sistemi yaradılıb. İstənilən vətəndaş bura daxil olaraq öz fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir. Bu gündən etibarən isə pensiyaların avtomatlaşmış qaydada təyinatına başlanılır. DSMF-də bu məqsədlə xüsusi “Çağrı Mərkəzi” (190-0) yaradılıb. Pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən bu nömrəyə zəng vurub, şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər. Zəng vuran vətəndaşdan tələb olunan məlumatlar isə yalnız şəxsiyyət vəsiqəsinin nömrəsidir. Bu məlumat dərhal sistemə daxil ediləcək, təsdiqləndiyi halda Fondun fərdi məlumatlar bazasına inteqrə edilərək avtomatlaşdırılımış qaydada əmək pensiyası təyinatı aparılacaq və vətəndaşa ona təyin olunan pensiyanın məbləği bildiriləcək. Eyni zamanda, zəng edən şəxsə öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının (şöbəsinin) ünvanı da çatdırılacaq. Fondun sədri bildirib ki, bu proses ümumilikdə bir neçə dəqiqəyə başa çatacaq: “Avtomatlaşdırılmış pensiya təyinatı ilkin olaraq yaşa görə əmək pensiyası növü üzrə aparılacaq. Əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının təyinatının avtomatlaşmış qaydada aparılması isə digər müvafiq dövlət qurumlarında qeyd olunan təyinatlarla bağlı zəruri informasiyaları özündə əks etdirən elektron xidmətlərin yaradılmasından sonra mümkün olacaq”.
Səlim Müslümov vurğulayıb ki, bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunu son dərəcə azaldılmasına gətirib çıxaracaqdır: “Buna görə də vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusi maraqlı olmalıdırlar. O cümlədən ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrə, yəni 2006-cı ilin 1 yanvarınadək iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. Çünki avtomatlaşmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir”.
Tədbirdə avtomatlaşmış pensiya təyinatının aparılması prosesi əyani şəkildə nümayiş etdirilib. Ayrı-ayrı rayonlardan 190-0 çagrı mərkəzinə zəng vuran vətəndaşlara avtomatlaşmış qaydada pensiya təyinatı aparılıb.