Sabah -14 İyun Ümumdünya Qan Donoru Günüdür. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2011-ci ildə respublika üzrə 57 min 782 nəfər donorluq edərək qan veribsə, 2012-ci ildə bu göstərici 2,8% artaraq 59 min 393 nəfərə çatıb.
Bunun 54 %-i Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankının donorlarının payına düşür. Donor sayının artması ilə əlaqədar, təbii olaraq tədarük edilən qan və qan komponentlərinin də miqdarı artıb və daha çox xəstəyə yardım etmək mümkün olub. Respublika üzrə 2011-ci ildə 28 ton 13 litr qan tədarük edilibsə, 2012-ci ildə bu rəqəm 7 % artaraq 29 ton 964 litrə qədər yüksəlib. Rayonlarda Mərkəzi Qan Bankının bölmələrinin yaradılması regionlarda xəstələrin qanla təchizatıni xeyli yaxşılaşdırıb və Bakıya qan köçürülməsi üçün gələn talassemiyalı xəstələrin sayının azalmasına gətirib çıxarıb.
İl ərzində idarə və təşkilatlarda könüllü qanvermə aksiyaları təşkil edilib. 2011-ci ildə 225, 2012-ci ildə isə 229 könüllü aksiya təşkil olunub. Bundan əlavə, 2013-cü il ərzində Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində tibb işçilərinin iştirakı ilə qanvermə aksiyalarının keçirilməsi qrafiki təsdiq edilərək respublikanın bütün səhiyyə müəssisələrinin və təşkilatlarının rəhbərlərinə göndərilib. Qrafikə əsasən, fevralın 12-dən səhiyyə müəssisələrində qanvermə aksiyalarına start verilib. Bu günə kimi tədarük olunan qan ehtiyatının 30-40 faizi tibb işçilərindən könüllü aksiyalarda iştirakı sayəsində təşkil edilib.
Qeyd edək ki, Beynəlxalq Qan Donorluğu Günü münasibəti ilə 3 Saylı Şəhər Klinik Xəstəxanasında könüllü qanvermə aksiyası həyata keçiriləcək.