Azərbaycanda ana və uşaq ölümlərinin əsas səbəbi tapılıb
07 mart 2013 14:22 (UTC +04:00)

Azərbaycanda ana və uşaq ölümlərinin əsas səbəbi tapılıb

Doğuşayardım xidmətində nöqsanlar aşkarlanıb, Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində ciddi yoxlamalara başlayacaq

 

 

Səhiyyə Nazirliyində doğuşayardım xidmətinin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

 

Lent.az-ın verdiyi məlumata görə, Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib ki, əgər 2007-ci ildə 151 mindən artıq uşaq doğulubsa, 2012-ci ildə 173 min 547 diridoğulmuş uşaq qeydə alınıb.

 

O bildirib ki, 2007-ci ildə körpə ölümü göstəricisi 12,1, ana ölümü 34,5, 2012-ci ildə isə körpə ölümü 10,8, ana ölümü 14,9 promilli olub. Ümumilikdə 2012-ci ildə 26 ana ölümü hadisəsi qeydə alınıb. Son illər evdə doğuşlara isə az təsadüf edilir. Əgər 2007-ci ildə evdə doğuşlar ümumi diridoğulmuşların 3,5 faizini təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 3 dəfə azalıb. Tibbi yardımın təşkili şöbəsinin müdiri ana və uşaq ölümü göstəricilərində müsbət dinamika olmasına baxmayaraq, Avropa ölkələri ilə müqayisədə hələ də arzuolunan səviyyədə deyil: “Ana və uşaq ölümü hadisələrinin təhlili nəticəsində doğuşayardım xidmətində bir sıra çatışmazlıqlar azad edilib. Antenatal xidmətdə olan qüsurların digər problemlər arasında əsas yer tutduğu müəyyənləşdirilib. Ana ölümü hallarında qadınların ¼ hissəsi antenatal xidmətdən kənarda qalıb, ¾ hissəsi isə nəzarətdə olmasına baxmayaraq, onlara tam həcmdə xidmət göstərilməyib. Xidmətin keyfiyyətinə təsir edən digər amil xəstələrin hospitalizasiya problemidir. Hospitalizasiyanın vaxtında, düzgün və səviyyələrə uyğun aparılmaması, bəzi hallarda mamalıq ağırlaşmalarının və ekstragenital xəstəliklərin diaqnostikasının gecikdirilməsi, pasiyentlərin tibbi göstərişə əsasən profil üzrə tibb müəssisəsinə köçürülməməsi, ağır vəziyyətdə stasionara gətirilmiş xəstəyə ilk tibbi yardım göstərilmədən digər müəssisəyə köçürülməsi qadınların ölümünə səbəb olur”.

 

 

Tibbi yardımın təşkili şöbəsinin müdiri stasionar xidmətdə də bir sıra çatışmazlıqların olduğunu nəzərə çatdırıb. Bura yüksək ixtisaslı kadrların paytaxtda və iri şəhərlərdə cəmlənməsi, regionlarda kadr çatışmazlığı, həkim mama-genikoloqların cərrahi hazırlığının olmaması, mamalıq və ginekoloji əməliyyatların həkim-cərrahlar tərəfindən icrası, tibb müəssisələrində klinik protokollara ciddi riayət edilməməsi, keysəriyyə kəsiyi əməliyyatlarının çoxluğu daxildir. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, doğuşların yalnız 12-15 faizi keysəriyyə kəsiyi ilə başa çatdırılmalı olsa da, 2012-ci ildə Azərbaycanda bu göstərici 18 faiz olub. Gülmirzə Poladov qeyd edib ki, özəl tibb müəssisələrində aparılan doğuşların əksəriyyəti keysəriyyə kəsiyi ilə başa çatır: “Özəl tibb müəssisələrində bu göstərici 50 faizdən yuxarıdır. Özəl tibb müəssisələrində aparılan keysəriyyə kəsiyi əməliyyatlarının əsaslılığını, Səhiyyə Nazirliyinin müvafiq əmrlərinə, klinik protokollarına nə dərəcədə riayət edildiyini müəyyənləşdirmək məqsədi ilə 2013-cü il ərzində özəl tibb müəssisələrində ciddi yoxlamalar aparılacaq”.

 

 

Tibbi yardımın təşkili şöbəsinin müdiri yenidoğulmuşlar arasında ölüm hallarının təhlilinin aparıldığını, neonatoloji ölüm göstəricisinin hələ də yüksək olduğunu bildirib: “Ölüm səbəbi kimi ilk yeri bətndaxili hipoksiya və doğuş asfiksiyaları, ikinci yeri doğuş travması, üçüncü yeri isə respirator-distress sindromu tutur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1920
avatar

Oxşar yazılar