Azərbaycan abortların sayına görə lider ölkələrdən biridir. Lent.az-ın məlumatına görə, bu barədə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında Konvensiyanın tələblərinin Azərbaycanda icra vəziyyəti ilə bağlı alternativ monitorinq hesabatı ilə bağlı tədbirdə "Konstitusiya" Araşdırmalar Fondunun eksperti Sacidə Əbdülvahabova deyib. Onun sözlərinə əsasən, BMT-nin sağlamlıq hüququ məsələləri üzrə Azərbaycan məruzəçisi Anand Hrover Azərbaycanda hər 1000 fertil yaşda olan qadına 10.3 % abort düşdüyünü qeyd edib. Səbəb kimi isə uşağın cinsiyyəti, cinsi reproduktiv sağlamlıqla əlaqədar dövlət proqramının çatışmazlığını göstərib.
S. Əbdülvahabova deyib ki, Azərbaycanda 18 yaşadək qadınların erkən nikaha alınması 1999-cu ildə maksimum həddə çatsa da, 2003-cü ildə minimuma enib. Lakin 2007-ci ildən bəri bu hal artmaqdadı. 2010-cu ildə ölkənin şəhər və kəndlərində "Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair" statistik təqdimata əsasən, 18 yaşadək qadınların erkən nikaha daxil olma halları şəhərlərdə 38.9 %, kəndlərdə 61.1%-dir. Qızları təhsildən yayındıran əsas səbəblərdən biri kimi erkən nikah hesab olunur.
S. Əbdülvahabova fondun 3 istiqamətdə (Təhsil, səhiyyə və qadın sahibkarlığı) monitorinq keçirdiyini deyib: “Kişi və qadınların təhsil sahəsində bərabər hüquqa malik olmaları qanunvericilikdə öz əksini tapmasına baxmayaraq, gender bərabərliyi üçün kifayət deyil. Gender bərabərsizliyi şəxsi sağlamlığa dair qərarların qəbul edilməsi məsələlərinə, səhiyyə xidmətlərində istifadə imkanlarının müxtəlif mərhələsinə təsir edir ki, bu da çox vaxt qadın sağlamlığı üçün təhlükə yaradır. Qadın sahibkarlığı və qadınların resurslara çıxışı ilə bağlı vəziyyət gender bərabərsizliyinin əsas göstəricisidir”.