Azərbaycan Prezidenti: “Bəzi hallarda tibbi xidmət lazımi səviyyədə deyil”
29 aprel 2013 11:17 (UTC +04:00)

Azərbaycan Prezidenti: “Bəzi hallarda tibbi xidmət lazımi səviyyədə deyil”

“Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsində çox böyük inkişaf və tərəqqi var. Yəni bu, reallıqdır. Ancaq o da reallıqdır ki, hələ bəzi hallarda tibbi xidmət lazımi səviyyədə deyil. Bəzi həkimlərin peşəkarlığı bizi qane edə bilməz və elə tibb müəssisələri var ki, orada əsaslı təmirə ehtiyac var”.

Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunan mərasimdə çıxışı zamanı bildirib. 

Prezident İlham Əliyevin sözlərinə görə, əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda bütün bu məsələlər ardıcıllıqla və yüksək templə öz həllini tapır: “Bu məsələlərin həlli, bir daha demək istəyirəm ki, dövlət siyasətimizin əlamətidir. Sosial məsələlərin həlli bizim üçün prioritetdir və həmişə prioritet olaraq qalacaq. Hesab edirəm ki, buna nail olmaq üçün bizim bütün imkanlarımız var. Yenə də deyirəm, son illər ərzində Azərbaycanda uşaq ölümü kəskin şəkildə aşağı düşüb. Statistik göstəricilər də, onların dinamikası da çox müsbətdir”.  

İnsanların ömrünün uzunluğunun artdığını bildirən dövlət başçısı bildirib ki, bu da hər bir ölkənin ümumi inkişafını şərtləndirən bir amildir: “Çox sevindirici haldır ki, bu proses də müsbət istiqamətdə gedir. Azərbaycanda əhali artır. Son on il ərzində Azərbaycanda əhalinin sayı bir milyondan çox artıb. Azərbaycanda əhalinin artım templəri Avropa qitəsində ən yüksəkdir.

Əlbəttə, bütün bu amillər tələb edir ki, səhiyyə sahəsində daha da ciddi islahatlar aparılmalıdır. Həm struktur islahatları aparılmalı, eyni zamanda, ilk növbədə peşəkarlıq artmalıdır. Əminəm ki, əgər biz bundan sonra da bu templərlə inkişaf etsək, bu məsələlər də öz həllini tapacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794
avatar

Oxşar yazılar